Onlayn tədbir: Azərbaycan dilinin inkişafına dövlət qayğısı Hadisə

Onlayn tədbir: Azərbaycan dilinin inkişafına dövlət qayğısı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamenti tərəfindən “Azərbaycan dilinin inkişafına dövlət qayğısı” mövzusunda onlayn tədbir keçirilib. UNEC-dən bildirilib ki, tədbirdə Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev dilin millətin əsas meyarlarından olduğunu diqqətə çatdırıb. O, hər bir dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini əks etdirən vasitə kimi xarakterizə edib.
Departamentin direktoru, dosent Gülnarə Rzayeva Azərbaycan dilinin geniş təbliğ olunmasında, dünya dilləri arasında öz layiqli yerini tutmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin Azərbaycan dilinə diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Dilimizin saflığının qorunması istiqamətində çoxsaylı dövlət sənədlərinin qəbul olunduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli mövzunun aktuallığından danışıb. Dosent Aynur Qədiməliyeva “Azərbaycan dilinin təşəkkül tarixi” mövzusunda məruzə ilə çıxış edib. Dosent Vəfa Allahverdiyeva isə müasir dövrdə dünya birliyinə inteqrasiyanın, müxtəlif təşkilatlarla bağlanan müqavilələrin, eləcə də texnikanın inkişafının yeni anlayışların yaranmasını zəruri etdiyini bildirib.