Qatıq satan mömin... Hadisə

Qatıq satan mömin...

Arzu Şirinova

Bir neçə dəfə bu mövzuya toxunmuşam və Suriyaya, özlərinin təbirincə desək, cihada yollanan vətəndaşlarımızı qınamışam. Və bildirmişəm ki, döyüşmək istəyən kişi Dağlıq Qarabağa üz tutar-erməniləri məhv edib torpaqlarımızı işğaldan qurtarar. Bu zaman həyatından keçə bilər, olsun. Ancaq nəsli-nəcabəti, eləcə də xalqı onu qəhraman kimi dəfn edər, Azərbaycan durduqca xatırlanar. Nəinki Suriyaya gedib ölər və nəsli-nəcabəti onun əməlindən utanar, xəcalət çəkər və hətta belə birini olmaz olsun deyə xatırlamaq istəməzlər.
Bu gün isə Suriyada İŞİD qruplaşmasına qoşulan azərbaycanlılar haqqında məlumatlar alırıq. Azərbaycan KİV-lərində yayılan və rəsmən təsdiqlənməmiş məlumatlara görə, Suriyada İŞİD qruplaşması tərkibində döyüşən iki azərbaycanlı həlak olub.
Azadlıq.orq xəbər verir ki, onlardan birinin Abu Abdurauf al-Azeri adı ilə döyüşən Seymur Topçubaşov olduğu bildirilir. O, artileriya bölməsinə rəhbərlik edib. Digərinin isə Sumqayıtdan olan və Abu Sureyya adını daşıdığı deyilir. Onların harada öldüyü açıqlanmasa da, amma Suriyanın şimalında-Kobanidə öldükləri güman edilir. Ümumiyyətlə, "İslam dövləti" sıralarında döyüşən azərbaycanlıların dəqiq sayının 200-300 arası olduğu ehtimal olunur.
Bəlkə onlar arasında Yaşma bağlarında qatıq satan saqqallı kimi tanınan biri də var. Bu adam il uzunu saxladığı inəklərin südünü, qatığını və toyuqların yumurtasını Yaşmada yaşayanlara satıb ailəsini saxlayırdı. Olurdu ki, hərdən mənim də ayağım Yaşmaya-qohum bağına düşürdü. Orda görmüşdüm bir neçə dəfə. Becərdiyi məhsulları satmağa gətirəndə vay o gündən ki, onunla bazarlığı qadın edəydi. Üzünü o tərəfə çevirib gətirdiklərini verər və pulunu alıb gedərdi. Onun aləmində başqa qadına baxmaq günahdır. Baxmaq o mənada ki, qadınla danışmaq, bir yerdə işləmək, salam verib, salam almaq, sualına cavab vermək və bazarlıq etmək belə günah sayılır. Təsadüfən bir dəfə onun yanında iki başı örtülü qız uşaqlarını gördüm. Hər ikisi məktəb yaşlarında olardı. Ataları alverə başları qarışdığı üçün qızları söhbətə çəkdim. Məlum oldu ki, qatıq satan saqqallı qızlarını 5-6 yaşlarından başlarını bağlamağa məcbur edib. Məktəbə də oxumağa göndərmir. Bu adamın düşüncəsinə görə, "şeytan əməlləri olan kitabları oxumaqdansa namaz qılıb, Allaha dua eləmək daha vacib əməllərdəndir". Bir sözlə, bu adam qanmır ki, elm öyrənmək bərabərdir bütün həyatın boyu qıldığın namaza. Ananın haqqı yoxdur ki, evindən addımını kənar qoysun. Həmin gün nə az, nə çox yüz kötək yeməlidir. Qızlar bu həyatı sevməsələr də çarəsizdilər. Çünki qohum-əqraba qatıq satan saqqallının fikirlərini və tutduğu yolu qəbul etmədikləri üçün qızlarla da maraqlanmırlar. Bu vəziyyət də qatıq satan saqqallını qane edir və ailəsinin başına olmazın oyunları açır.
Nəhayət, alverdən başı açılan ata qızların mənimlə dərdləşdiyini gördü. Onları yanına çağırıb nəsə dedi və qızlar kirimişcə atalarının yanında dayandılar. Fikirləşdim ki, qızların heyfini ondan çıxmalıyam və elə də elədim. Əvvəlcə qatığın keyfiyyətli olub-olmadığı ilə maraqlandım. Başladı and-aman eləməyə, namusuna və qıldığı namaza, oxuduğu Quranaa and içməyə. Eləmədim tənbəllik, dedim gözlə əgər qatıq tərif elədiyin kimi olmasa özündən küs. İçəri keçib qaşıq gətirdim və qatıqdan bir qaşıq götürüb yedim. Demək olar ki, yarı süd və yarı da su ilə qatışdırılıb çalınan qatıq, üstəgəl həm də turşumuşdu. Vəziyyəti belə görən bu adam başladı ki, qatıq balonunu səhvən gətirib. Guya bunu özləri üçün çalıbmış. Əslində sözə ehtiyac yoxuydu. Yalançı və fırıldaqçı olduğuğunu təsdiq elədim. Ona görə bir kəlmə də demədən gətirdiyi qatığı götürdü və qızlara başının işarəsiylə "gəlin" əmri verərək getdi.
Bu günlərdə öyrəndim ki, bu adam ailəsilə birgə Suriyaya yollanıb-"cihad eləyən qardaşlarına qoşulub haqsızlıqla mübarizə aparmağa".