Mətbuatla bağlı qanunvericiliyə dəyişiklik anonsu Hadisə

Mətbuatla bağlı qanunvericiliyə dəyişiklik anonsu

Bahar Muradova: "Mətbuatın işini tənzimləyən qanunları dövlət başçısının verdiyi sərəncamın ruhuna uyğunlaşdırmalıyıq"

"Dövlət başçısının bir müddət öncə imzaladığı sərəncam çox mühüm əhəmiyyət daşıyır. Yəni, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" məlum sərəncama son bir neçə ay ərzində istər mətbuatda, istər ictimai-siyasi həyatda, istər cəbhəyanı zonalarda baş verən hadisələr kontekstindən yanaşanda onun nə qədər zamanında və yerində verilmiş bir sərəncam olduğunu özü-özlüyündə sübut edir".
Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib. Vitse-spikerin sözlərinə görə, təkcə atəşkəsin çox geniş miqyasda pozulması, Ermənistanın Azərbaycan ərazilərində irimiqyaslı təxribatlar təşkil etməsi, bununla da vəziyyəti bütün mənalarda çox əhəmiyyətli hadisələr ərəfəsində öz xeyrinə dəyişməsi, öz maraqları üçün istifadəsi cəhdlərinin qarşısının alınması özlüyündə çox müsbət hadisələr kimi dəyərləndirilir: "Eyni zamanda, bu hadisələrin özünü işıqlandırmaq, onları cəmiyyətə doğru-düzgün çatdırmaq, o cümlədən bu hadisələrdə Azərbaycanın marağını gözləməli olduğumuz halda, düşmən dəyirmanına su tökmək istiqamətində hadisələrin baş verməsi belə bir sərəncamın verilməsini vacib edirdi və cənab prezident də zamanında bu addımı atdı".
Bahar Muradova hesab edir ki, məlum sərəncamın verilməsi müvafiq dövlət qurumlarının vəzifə səlahiyyətlərinin həyata keçirilməsinin dəqiqləşməsi, konkretləşməsi, məsuliyyətlərin müəyyənləşməsi işinə müsbət təsir göstərdiyi kimi, bu səlahiyyətlərin yerinə yetirilməsi üçün qanunvericilik sahəsində ediləcək dəyişikliklərin də dairəsini müəyyənləşdirir: "Çünki biz məlum avqust hadisələri zamanı nə gördük? Onu gördük ki, bizim müvafiq hərbi qurumlarımız, ordu hissələrimiz öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirdi, həmçinin, məlum hadisələr Azərbaycanın çox geniş, müasir silahlara malik bir ordusu olduğunu ortaya qoydu, o cümlədən, Azərbaycan silahlı qüvvələrinin zamanında həmin silah-sursatdan, hərbi texnikadan düzgün istifadəsi, hədəfə yönəlmiş fəaliyyəti bir daha sübut olundu, amma bunların müqabilində, olanları, baş verənləri ictimaiyyətə çatdırmaq istiqamətində çoxlu nöqsanlar olduğu üzə çıxdı.
Bu, həm bəzi media qurumlarının, onların nümayəndələrinin yanlışlığı, bəzi hallarda çox kobud səhvi, yeri gələndə cinayətə gətirib çıxara biləcək bir hərəkəti idisə, həm də qanunvericilik sahəsində müəyyən boşluqların olduğunu göstərdi ki, biz məqsədli fəaliyyətləri bir kontekstdən, amma ictimai-siyasi proseslərin meydana çıxardığı məsələləri isə başqa kontekstdən dəyərləndirməliyik.
Bu mənada da hesab edirəm ki, məlum sərəncam hər bir sahədə vəzifələrin düzgün, o cümlədən görüləcək işlərin dairəsinin müəyyənləşməsinə çox böyük kömək etdi. Ona görə ictimaiyyət artıq xeyli müddətdir ki, mətbuat orqanlarının fəaliyyətini tənzimləyən qanunlarda müəyyən dəyişikliklərin və əlavələrin edilməsinin vacib olduğunu vurğulayır".
B.Muradovanın sözlərinə görə, maraqlısı budur ki, bu məsələni elə mətbuat orqanları özləri daha çox müzakirəyə, gündəmə gətirir: "Müsbət məqamlardan biri kimi elə bunu qeyd etmək istəyirəm ki, artıq mətbuat öz içindən, yəni, özünü tənqid etmək, onların ümumi işinə, fəaliyyətinə mane olacaq müəyyən cəhətləri müəyyənləşdirmək və aradan qaldırmaq istiqamətinə özü qoşulur, bu yöndə təklifləri özü verir, həmçinin, qanunyaradıcılığı prosesində dəyişikliklərin olmasının vacibliyini vurğulayır ki, bu da bizə öz işimizi müəyyənləşdirməkdə yaxından kömək edir.
Bu baxımdan, belə hesab edirəm ki, biz də ali qanunverici orqan olaraq mətbuatın işini tənzimləyən qanunlarda müvafiq dəyişiklikləri etməliyik və həmin qanunları bu sərəncamın ruhuna, onun qarşımıza qoyduğu vəzifələrə uyğunlaşdırmalıyıq...".