“Təcridxanada mən dərk etdim ki…” Hadisə

“Təcridxanada mən dərk etdim ki…”

NİDA-çı gənc: "Ulu Öndərin məzarını ziyarət etmək üçün mənə şərait yaradılsın"

Bakı İstintaq təcridxanasında saxlanılan Bəxtiyar Quliyev Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı cənab Mədət Quliyevə müraciət ünvanlayıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi B.Quliyevin xahişi ilə onun müraciətini yayıb.
Müraciətdə deyilir: "Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş "Nida"çı 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3, 220.1 maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hal-hazırda Apellyasiya məhkəməsində işimə baxılır.
Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim.
Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq istəyirəm.
Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına kimi vətənimə və xalqıma xidmət etməyə hazıram.
Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. Vətənpərvər bir gənc kimi Ulu Öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm. Xahiş edirəm Ulu Öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz".
Qeyd edək ki, Bəztiyar Quliyev NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilib və 7 il azadlıqdan məhrum edilib. Bu ilin iyununda Bəxtiyar Prezidentə müraciət yazaraq əfv istəmişdi.