“Mobil telefonların penitensiar müəssisələrə keçirilməsi cəhdləri artıb” Hadisə

“Mobil telefonların penitensiar müəssisələrə keçirilməsi cəhdləri  artıb”

Hüseyn Əlixanov "Bəzən qadağan olunmuş əşyaları müəssisələrə keçirməyə cəhd edənlər arasında Penitansiar Xidmətin öz əməkdaşları da olur"
"Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi hallarının qarşısını almaq üçün Penitensiar Xidmət müəssisələrində kifayət qədər maddi-texniki baza yaradılıb və müasir texniki vasitələrdən istifadə olunur. Lakin hazırda bu məqsədlə digər, ən müasir texniki vasitələrin alınması müzakirə olunur". Bunu "Trend"ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.
Onun sözlərinə görə, texniki vasitələrlə yanaşı, Xidmətin əməliyyat aparatının gücündən də səmərəli istifadə olunur: "Onların bu istiqamətdəki işi isə ən yüksək səviyyədədir. Belə ki, əməliyyatçılar əvvəlcədən qadağan olunmuş əşyaların keçirilməsinə cəhd ediləcəyi barədə məlumat əldə edir, buna cəhd ediləndə isə onun qarşısını alır və həmin şəxsləri məsuliyyətə cəlb edirlər".
Bununla belə, Penitensiar Xidmət rəisinin müavinində qadağan olumuş əşyaları, xüsusilə də mobil telefonları hələ də penitensiar müəssisələrə keçirməyə cəhd edilməsi təəccüb doğurur: "Azərbaycanda qəbul edilmiş qanunvericiliyə əsasən, telefon danışıqlarının, sovqatların sayının artırılması məsələləri təmin olunub və hətta Avropa standartları səviyyəsindədir. Hətta dəyişikliklərdən sonra telefon aparatları cinayət qanunvericiliyində qadağan olunmuş əşyalar siyahısına daxil edildi və buna görə də cinayət məsuliyyəti nəzərdə tutuldu. Lakin qadağan olunmuş əşyaların, xüsusilə də mobil telefon aparatlarının penitensiar müəssisələrə keçirilməsi cəhdlərinin sayının artması ciddi problemə çevrilib. Bunu edən şəxslər özləri də bilirlər ki, əməlləri qanuna ziddir. Buna baxmayaraq, bəzi şəxslər müxtəlif vasitələrlə, qanunsuz yollarla telefonların, eləcə də narkotik vasitələrin penitensiar müəssisələrə keçirilməsinə cəhd göstərirlər".
H.Əlixanov qeyd edib ki, belə hallar həm vətəndaşların özlərinin məsuliyyətə cəlb olunmasına gətirib çıxarır, həm də həmin əşyaların çatdırılması nəzərdə tutulan məhkum qohumlarının da vəziyyətini gərginləşdirir və onlara məsuliyyət yaradır: "Mən onların buna hansı psixoloji baxımdan yanaşdıqlarını anlamıram. Görüşə gələn, sovqat gətirən tanış və qohumların hamısına hansı əşyaların keçirilməsinə icazə verdilyi, hansıların qadağan olunduğu barədə hərtərəfli məlumat verilir. Hətta qəbul otaqlarında qanundan çıxarışlar, xəbərdarlıqlar da asılıb. Lakin qohumlar yenə də bu məsələyə çox biganə yanaşırlar. Belə əşyaları və maddələri hətta ana, bacı, qardaşlar gətirirlər, sonra da tutulurlar. Həm özləri məsuliyyətə cəlb olunurlar, həm də təqsirləndirilən şəxs kimi saxlanılan və ya məhkum qohumlarına da məsuliyyət yaradırlar".
General-mayor onu da əlavə edib ki, bəzən qadağan olunmuş əşyaları müəssisələrə keçirməyə cəhd edənlər arasında Penitansiar Xidmətin öz əməkdaşları da olur: "Onların sayı çox az olub. Onlar cinayət məsuliyyətinə cəlb ediliblər. Bu məsələdə hətta ən kiçik nöqsana yol verən əməkdaşlar xidmətdən, ədliyyə orqanlarından xaric edilib və istintaq orqanlarına təhvil veriliblər".