“Bakıya Ebola virusu daşıyıcılarının gəlməsi məlumatı doğru deyil” Hadisə

“Bakıya Ebola virusu daşıyıcılarının gəlməsi məlumatı doğru deyil”

İntiqam Babayev: "Ebola təhlükəsinə qarşı lazımi tədbirlər görülüb"
"Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir". Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev forumla bağlı keçirilən mətbuat konfransında deyib.
İ.Babayevin sözlərinə görə, forum çərçivəsində "Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar", "Müasir gənclər siyasətinin əsas elementləri" və "Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər" plenar sessiyaların keçirilməsi nəzərdə tutulub. Keçiriləcək regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası - Afrika, Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri - rəhbərlik edəcək. Azərbaycandan tərəfinin ekspertləri Fərhad Hacıyev, Nadir Quluzadə, Şahin Seyidzadə və Fuad Muradovdur. Bu günə kimi 115 ölkə iştirakını hökumət səviyyəsində təsdiq edib. Forumun yekunu olaraq gənclər siyasəti ilə bağlı tövsiyyə xarakterli sənəd hazırlanacaq".
Nazir müavini sonda vurğulayıb ki, Azərbaycan BMT-nin gənclər siyasətinə dəstək verən ilk ölkədir. Həmin forum 21-ci əsrdə gənclər siyasəti ilə bağlı keçirilmiş ən böyük tədbirlərdən biridir.
Nazir müavini Bakıda keçiriləcək forumda Afrika ölkələrindən də qonaqların iştirakı səbəbindən Ebola visrusu daşıyıcılarının gələ biləcəyi xəbərin həqiqəti əks etdirmədiyini söyləyib.
İntiqam Babayev bildirib ki, İndi bütün dünyada hər kəs Ebola virusundan narahatdır. Biz də iştirakçıların təhlükəsizliyi üçün bütün tədbirləri görmüşük, Ebola təhlükəsinə qarşı səhiyyə işçiləri təlimatlandırılıb. İştirakçılar hava limanında yoxlanılacaq. Biz heç bir problemin olmayacağına ümid edirik".
Onun sözlərinə görə, foruma Ümumdünya Səhiyyə Nazirliyi də öz dəstəyini verəcək: "Azərbaycan Səhiyyə Nazirliyi həmin ölkələrdən gələn nümayəndələr üçün profilaktik tədbirlər görməyə hazır olduğunu bildirib. Eyni zamanda, biz bu prosesə Ümumdünya Səhiyyə Nazirliyini də cəlb etmişik. Onlardan xahiş etmişik ki, bizə dəstək olsunlar. Ümid edirik ki, hər şey yaxşı olacaq".
Xatırladaq ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə elçisinin ofisi, YUNESKO və Avropa Şurası həyata keçirir.
Qeyd edək ki, üç günlük Forumda 20-dən çox mövzu ətrafında müzakirələr aparılacaq.