“Cəmiyyətin nöqsanı var” Hadisə

“Cəmiyyətin nöqsanı var”

Nuşirəvan Məhərrəmli: "Televiziya və radio kanallarına nəzarəti gücləndirsək, onlar hadisələri birtərəfli işıqlandıra bilərlər"

Son zamanlar cəmiyyət özü televiziya və radio kanallarına nəzarət etməyi tələb edir. Bu barədə "Trend"ə müsahibəsində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, cəmiyyət istər şou xarakterli verilişlərə, istər serialların mövzularına müdaxilə olunmasını istəyir: "Təbii ki, televiziyalar hüquqi baxımdan kommersiya müəssisələridir. Onlar öz fəaliyyətlərini qanunvericilik çərçivəsində və daha çox gəlir əldə etmək üzərində qururlar. Eyni zamanda, televiziya və radio, ümumilikdə media cəmiyyət qarşısında çox böyük məsuliyyət daşıyır".
N.Məhərrəmli televiziya və radio kanalları üzərində ciddi nəzarətin olmasını da düzgün hesab etmir: "Əgər biz televiziya və radio kanallarına nəzarəti gücləndirsək və onlar bizim istədiyimiz kimi fəaliyyət göstərsə, artıq kanallar hadisələri birtərəfli işıqlandıra bilərlər. Bu da doğru deyil".
MTRŞ sədri bu məsələdə cəmiyyətin də rolunun vacib olduğunu bildirib: "Biz insanlara seçim vermişik. Yəni insanlar dövlət tərəfindən maliyyələşən kanallara baxa bilərlər. AzTV, İctimai Televiziya, Mədəniyyət və İdman kanallarında çox gözəl verilişlər var. Yəni dövlət cəmiyyətin tələbatını bu kanallarla ödəməyi öz öhdəsinə götürür və bunu edir. Dövlət tərəfindən maliyyələşən kanallarda ictimai tələbatı ödəyən verilişlər kifayət qədərdir. Amma çox təəssüf ki, ona baxanlar azdır. Bəzən insanlar şou xarakterli verilişlərə daha çox baxırlar. Əgər xoşunuza gəlmirsə, niyə bu verilişlərə baxırsınız? Yəni cəmiyyət özü bu məsələni həll etməlidir. Burada cəmiyyətin də nöqsanı var".