Daxilə hesablanan açıqlama Hadisə

Daxilə hesablanan açıqlama

Arzu Şirinova

Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Virtualaz.org saytı xəbər verir ki, xarici işlər naziri Edvard Nalbəndyan jurnalistlərlə söhbətində prezidentlərin görüşünün "faydalı, səmimi və konstruktiv" keçdiyini deyib:"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair çoxsaylı məsələlər müzakirə olundu. Bizim mövqeyimiz həmsədrlərin mövqeyi ilə bu məsələdə üst-üstə düşür ki, həmin yanaşmaların tətbiqi danışıqlar prosesində irəliləyiş əldə olunması baxımından münbit şərait yarada bilər. Azərbaycanın yanaşması başqadır. Onlar məsələyə digər tərəfindən yanaşırlar, hesab edirlər ki, əgər danışıqlar prosesində irəliləyiş əldə olunsa, o zaman bu, həmin tədbirlərin həyata keçirilməsində etimadın möhkəmlənməsinə şərait yaradacaq. Bu, Azərbaycanın məlum yanaşmasıdır, əvvəllər də olub".
Erməni KİV-lərinin məlumatına görə, Nalbəndyan onu da deyib ki, bütün fikir ayrılıqlarına baxmayaraq Paris danışıqları kifayət qədər maraqlı keçdi. Nalbəndyanın sözlərinə görə, prezidentlərin görüşündə həm də bir sıra regional və beynəlxalq məsələlərə toxunmaq imkanı da yaradılıb:"Bu müzakirələr göstərdi ki, bəzi məsələlərdə Azərbaycanın və Ermənistanın mövqləri bir-birinə yaxın ola bilər".
Nalbəndyan danışıqlarda konkret irəliləyiş olduğunu da deyib: "Mənim nitqimdə müəyyən müsbət notlar var. Bu da təsadüfi deyil. Biz danışıqların səmimi, faydalı, konstruktiv və maraqlı keçdiyini deyiriksə deməli nəsə var. Paris görüşündə tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində addım atılıb. Soçi görüşündən Paris görüşünə qədər tərəflərin əhval-ruhiyyəsində müsbət irəliləyiş olub. Əlbəttə, bu, mürəkkəb prosesdir. Bir və ya bir neçə görüşlə dönüş əldə etmək olmaz".
Nalbəndyanın dediyinə görə, görüşdə Fransa prezidenti tərəfləri snayperləri təmas xəttindən geri çəkməyə və atəşkəsin pozulması insidentlərini araşdırmaq üçün birgə mexanizm yaratmağa, habelə digər etimad tədbirlərinə çağırıb. Azərbaycan isə bu təklifə müsbət yanaşmayıb.
Ermənistan XİN rəhbəri açıqlamasında ikibaşlı da danışıb:""Mən deyərdim ki, Azərbaycan buna o qədər də hazır deyil, hesab edirlər ki, danışıqlarda irəliləyiş olsa, bu cür tədbirlərin də faydası olacaq. Lakin danışıqlarda irəliləyiş olsaydı heç etimad tədbirlərinə də ehtiyac qalmazdı".
Erməniləri bu görüşdən ruhlandıran məsələnin nədən ibarət olacağı çox keçməz bilinər. Ancaq bu, heç də Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyişin olmasıyla bağlı deyil, məncə. Bu, qondarma erməni soyqırımına Fransanın hazırlıq məsələsidir ki, artıq mətbuat bununla bağlı yazmağa başlayır. Yəni
Fransa parlamentinin üzvü Valeri Bauye "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edib. Buaye layihəni parlamentin bütün strukturlarına təqdim edib və artıq 40-dan artıq deputat sənədi müzakirəyə çıxarmaq üçün imzalayıb. Valeri Buayenin sözlərinə görə, prezident Fransua Olland söz verib ki, əgər Fransa Milli Parlamenti qanun layihəsini qəbul edərsə, o 2015-ci il aprelin 24-də həmin sənədi imzalayacaq. Xatırladaq ki, Fransa prezidentinin seçkiqabağı vədlərindən biri belə bir qanunun qəbul olunması ilə bağlı idi. Deməli, Nalbəndyanın sevincinə səbəb əslində bu xəbər ola bilər. Digər tərəfdən, Ermənistanda vəziyyət gərgin olduğu, mitinqlər keçirildiyi, Sərkisyanın istefası tələb olunduğu halda prezidentlərin görüşüylə bağlı belə bir açıqlama daxili auditoriyaya hesablanıb. Çünki nə qədər ki, Dağlıq Qarabağ problemi həllini tapmayıb ermənilərin sosial vəziyyəti bundan da artıq pisləşəcək, belə davam edərsə Ermənistanda başıpapaqlı qalmayacaq, kriminal hakimiyyət insanları rəzil günə daha da yaxınlaşdıracaq. Artıq bunun işartıları görünür. Emənistanın 2015-ci il üzrə "Dövlət büdcəsi haqqında qanun layihəsi" ölkə parlamentində müzakirəyə çıxarılb. Ermənistan mətbuatının məlumatına görə, büdcə layihəsindən danışan baş nazir Ovik Abramyan Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin – 1 trilyon 184,5 milyard dram (2 milyard 890 milyon dollar), xərclərinin isə 1 trilyon 298,6 milyard dram (3 milyard 169 milyon dollar) olacağını bildirib. Büdcə kəsirinin 278,5 milyon dollar olduğunu bildirən Abramyan hökumətin qarşıdakı illərdə bunun öhdəsindən gəlməyə çalışacağını deyib və əlavə edib:""Bizim sehirli çubuğumuz yoxdur ki, bir gündə ötən illərdən qalan problemləri həll edək".