Ermənilər Xocalı faciəsindən bəhs edən filmə qarşı qarayaxma kampaniyası keçirir Hadisə

Ermənilər Xocalı faciəsindən bəhs edən filmə qarşı qarayaxma kampaniyası keçirir

Erməni lobbisi indi də litvalı rejissor Aleksandras Brokasın çəkdiyi "Sonsuz dəhliz" ("Endless Corridor") filminə qarşı qarayaxma kampaniyası keçirirlər. Sözügedən film Xocalı faciəsindən bəhs edir.

Erməni dairələri filmə verilən yüksək qiyməti süni şəkildə azaltmaq istəyirlər. Belə ki, məşhur online film platforması olan İMDb "Sonsuz dəhliz" adlı filmi 9 bal ətrafında dəyərləndirib.

Son günlər isə erməni lobbisi İMDb saytında qeydiyyatdan keçərək sözügedən filmi kütləvi şəkildə şikayət edirlər. Şikayət nəticəsində "Sonsuz dəhliz" filmi 9 baldan 6 bala enib. Kampaniyaya başçılıq edən şəxslər film barədə xoşagəlməyən rəylər yazmağı da göstəriş veriblər.

Qeyd edək ki, film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib.

Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və foto materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.