“Omanla razılaşma diplomatik baxımdan mühüm siqnaldır” Gündəm

“Omanla razılaşma diplomatik baxımdan mühüm siqnaldır”

“İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti marşrutun yaradılması ilə bağlı razılaşma Hörmüz boğazında yaranmış gəmiçilik məhdudiyyətlərinin qismən və müvəqqəti aradan qaldırılmasına kömək edə bilər. Lakin burada əsas məsələ yeni marşrutun yaradılmasından daha çox onun təhlükəsizliyi və davamlılığıdır”.

Bunu xalqcebhesi.az-a politoloq Elman Telmanoğlu deyib.

O söyləyib ki, marşrutun İranın ərazi sularından keçməsi Tehrana faktiki olaraq hərəkət üzərində daha böyük nəzarət imkanı verir və bu baxımdan gəmiçilik şirkətləri üçün risklərin tam aradan qalxdığını demək hələ tezdir: “Omanla razılaşma isə ən azı diplomatik baxımdan mühüm siqnaldır: tərəflər böhranın nəzarətdən çıxaraq qlobal enerji və ticarət böhranına çevrilməsinin qarşısını almaqda maraqlıdır. Digər tərəfdən, Hörmüz boğazı sadəcə iki ölkə arasındakı dəniz keçidi deyil, dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Buna görə də müvəqqəti marşrutun açılması neft və qaz tankerlərinin, eləcə də kommersiya gəmilərinin hərəkətini müəyyən qədər normallaşdıra bilər, amma problemin kökünü həll etmir”.

E.Telmanoğlu qeyd edib ki, əgər bölgədə hərbi-siyasi gərginlik davam edərsə, sığorta xərclərinin artması, gəmi sahiblərinin marşrutdan çəkinməsi və mümkün yeni təhlükəsizlik insidentləri məhdudiyyətlərin yenidən yaranmasına səbəb ola bilər: “Məncə, bu razılaşmanın ən mühüm tərəfi onun texniki deyil, geosiyasi mahiyyətidir. İran və Oman bununla göstərirlər ki, Hörmüz böhranının idarə olunması üçün dialoq kanalı hələ də açıqdır. Əgər bu marşrut təhlükəsiz şəkildə işləsə və sonradan daha geniş beynəlxalq mexanizmlə dəstəklənsə, gəmiçilikdə ciddi rahatlama yarada bilər. Amma bunu Hörmüz boğazı probleminin tam həlli kimi yox, daha böyük regional razılaşmaya aparan müvəqqəti “nəfəs koridoru” kimi qiymətləndirmək daha doğrudur”.

Röya İsrafilova