12:07
329
"Dini liderlərin görüşləri ortaq dəyərlərin qorunmasına mühüm töhfə verir".
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Bakıdakı görüş bu formatda keçirilən artıq yeddinci toplantıdır və türk dünyasının dini liderlərinin bir yerə toplaşması böyük əhəmiyyət daşıyır.
“Bu görüşlər Türk Dövlətləri Təşkilatı çərçivəsində həm dini, həm də ictimai məsələlərin müzakirəsi baxımından olduqca vacibdir”, – deyə TDT Baş katibi vurğulayıb.
Kubanıçbek Ömüralıyevin sözlərinə görə, iclasın gündəliyində elm, xüsusilə İslamda elm və təhsilə verilən əhəmiyyət, eləcə də ailə institutu ilə bağlı məsələlər yer alır.
O bildirib ki, ailə institutunun qorunması və ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi müasir dövrdə bütün cəmiyyətlər üçün xüsusi əhəmiyyət kəsb edir.
TDT Baş katibi, həmçinin dünyada baş verən sürətli rəqəmsal dəyişikliklər və yeni texnologiyaların cəmiyyətə təsirinə diqqət çəkib. Onun sözlərinə görə, bu proseslərə İslamın dəyərləri və prinsipləri baxımından yanaşmaq, texnologiyaların yaratdığı imkan və çağırışları birgə müzakirə etmək vacibdir.
Ömüralıyev dini qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin və fətva komitələrinin fəaliyyətinin əlaqələndirilməsinin mühüm addım olduğunu qeyd edib.
O, Azərbaycanın dini liderlərinin, müftilərinin və digər dini qurumların nümayəndələrinin bu prosesdə fəal iştirakının xüsusi əhəmiyyət daşıdığını bildirib.
TDT Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevin dini liderlərə və toplantı iştirakçılarına ünvanladığı məktubu da yüksək qiymətləndirib. O, məktubun dini qurumlar arasında əməkdaşlığa göstərilən diqqət və dəstəyin göstəricisi olduğunu vurğulayıb.
Ömüralıyev əlavə edib ki, TDT çərçivəsində dini təhsil müəssisələri və dini qurumlar arasında əməkdaşlığın genişləndirilməsi təcrübə və bilik mübadiləsinə, müasir dini təhsilin inkişafına, ortaq dəyərlərin qorunmasına və gənc nəslin düzgün istiqamətləndirilməsinə mühüm töhfə verə bilər.