“Əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb” Hadisə

“Əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb”

Səlim Müslümov: "Vətəndaşlar öz əlillik müayinələrinin nəticələri ilə elektron qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə elektron arayışlar əldə edə biləcəklər".

Tərlan

Noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Nazirliyin məlumatına əsasən, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: "Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb". Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verildiyini qeyd edən S.Müslümov bildirib ki, bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa- müalicəsi təşkil olunub".
Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının kəskin şəkildə azalaraq minimuma endiyini qeyd edən S.Müslümov səylərin əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasına yönəldiyini, artıq Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin yaradılaraq, funksional tələblərə uyğunluğunun yoxlanıldığını vurğulayıb: "Bu yeni sistem əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edəcək. Yəni Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) səhiyyə müəssisələrindən qəbulu bu sistem üzrə elektron qaydada yerinə yetiriləcək. Digər tərəfdən həmin sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb ki, TSEK-lər əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatları bu bazaya yerləşdirirlər. Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə ehtiyac qalmır. Çünki bu sistem aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunduğundan onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan elektron qaydada əldə edəcəklər. Bərpa mərkəzlərinin fəaliyyəti də əsasən elektron məlumat bazasındakı məlumatlar əsasında təşkil olunacaq. Eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri ilə elektron qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə elektron arayışlar əldə edə biləcəklər".
Nazir tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının sistemdə işləmək imkanına malik olmaları üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara yiyələnmələri üçün treninqlərə cəlb edildiklərini bildirib. "Bütün bu işlər əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin iş üsullarının müasir texnologiyalar əsasında təkmilləşdirilməsinə xidmət edir"-,deyə vurğulayan S.Müslümov nazirliyin bərpa-müalicə infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində görülən məqsədyönlü işlərə də toxunub: "Hazırda Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Respublika Əlillərin Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində də əsaslı təmir işlərinə başlanılacaq. Təmir işləri başa çatdırıldıqdan bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaqlar".
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Nazir müavini vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamları əsasında bu ilin ötən dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi daha da gücləndirilib. Eyni zamanda, 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatınının həyata keçirilməsi, nəqliyyat vasitəsinə tibbi göstərişin təyin olunması üçün müraciətlərin sayının da artmasına səbəb olub. Bununla belə, bu sahədə qanunvericiliyin tələblərinə ciddi riayət olunub və müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib.
ƏƏSMN-nin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Tədbirdə görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi məsələləri və əlillik müayinələrinin nəticələrinə dair informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.