PKK-nın Bakıdaki təxribatı baş tutsaydı… Hadisə

PKK-nın Bakıdaki təxribatı baş tutsaydı…

Dövlət Komitəsi: "Qaraçuxurdakı məscidi yandıranlar operativ şəkildə aşkarlanmasaydı, Azərbaycanda ciddi xoşagəlməz hallar baş verə bilərdi"

Əgər Qaraçuxur qəsəbəsindəki məscidi yandırmağa cəhd edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə, qısa müddət ərzində aşkar edilərək istintaqa cəlb edilməsəydi, Azərbaycanda çox ciddi xoşagəlməz hallar baş verə bilərdi. Bunu "Trend"ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidini yandırmağa cəhd edən şəxslər artıq Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilmiş antiterror əməliyyatı nəticəsində saxlanılıblar. Məlumdur ki, həmin şəxslər Suriyada PKK terror təşkilatının nəzarətində olan ərazilərdə gedən döyüşlərdə iştirak ediblər. Onların planları və niyyətlərinə nəzər saldıqda isə bunun Azərbaycan üçün nə qədər təhlükəli və arzuolunmaz olduğunu görə bilərik: "Onlar törətdikləri əməlin mahiyyətini başa düşsələr də, düşməsələr də, bu, ölkədə çox ciddi və xoşagəlməz hadisələrlə nəticələnə bilərdi. Məlum olduğu kimi, onların Azərbaycanda bu kimi silsilə hadisələr həyata keçirmək planları olub. Onlar təkcə Qaraçuxur məscidində yox, nifrətlərini ifadə etmək üçün "əhli-sünnə" təriqətinə mənsub insanların toplaşdığı digər məscidlərdə də belə aksiyalar keçirə bilərdilər. Bu isə böyük narahatçılığa və qarşıdurmalara səbəb ola bilərdi. Ona görə də, MTN tərəfindən vaxtında PKK terror təşkilatının Azərbaycanda yenicə yaradılmış "Yekbun" qanadının, eləcə də məsciddə yanğın aksiyasını törətmək istəyənlərin vaxtında aşkarlanması və istintaqa cəlb olunması çox təqdirəlayiq haldır. Bu, bir daha bizim hüquq-mühafizə orqanlarının peşəkarlığından xəbər verir. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından qısa müddətdə effektli tədbir gördüklərinə görə MTN-in rəhbərliyinə və bu əməliyyatda iştirak edən hər bir əməkdaşına öz minnətdarlığımızı bildiririk. Bir daha deyirəm ki, əgər bu hadisənin üstü qısa müddətdə açılmasaydı, çox böyük narahatlıq və söz-söhbətlər yarana bilərdi. Çünki hətta bəzilər elə düşünürdülər ki, məsciddəki bu hadisəni elə dövlət orqanlarının özləri ediblər".
DQİDK sədrinin müavini gələcəkdə bu kimi aksiyalara cəhd edənlərə, o cümlədən dini radikallıq yolunu tutanlara, Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq istəyənlərə ismarıc da göndərib: "Qaraçuxur məscidində yanğın hadisəsini törədənlər, eləcə də bu cür niyyəti olan şəxslər bilsinlər ki, istər Suriyada, istər digər ölkələrdə dini zəmində baş verən hadisələrdə müəyyən qüvvələrin maraqları, əlləri, fəaliyyətləri var. Suriya ərazisində törədilən münaqişə heç də qruplaşmalar arasında deyil, dünyadakı böyük geosiyasi və geoiqtisadi maraqları olan qüvvələr tərəfindən təşkil olunub. Ona görə də biz arzu etməzdik ki, Azərbaycan vətəndaşları belə münaqişələrə cəlb olunsunlar. Onlar başa düşməli və unutmamalıdırlar ki, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onlar başqa ölkələrdə baş verən münaqişələrə qatılaraq müxtəlif oyunların oyunçuları olmamalıdırlar. Çünki həmin münaqişələrin onlara nə bir aidiyyəti, nə də bir faydası var. Onlar anlamadan müxtəlif oyunların oyunçusuna, istifadə edilən vasitəyə çevrilirlər".
Dövlət Komitəsi rəsmisi qeyd edib ki, hazırda ölkədə dini vəziyyət stabildir, hüquq-mühafizə orqanları da öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, lazım olan məsələləri nəzarətdə saxlayırlar: "Ölkədə baş verən proseslərin, tendensiyaların hamısı nəzarətdədir. Dövlət Komitəsi olaraq biz də bizə aid prosesləri nəzarətdə saxlayırıq. Ölkədə dini maarifləndirmə istiqamətində öhdəmizə düşən öhdəlikləri yerinə yetirməyə çalışırıq. Deyə bilərəm ki, bu istiqamətdə artıq xeyli dönüş var. Artıq bu yola düşən sıravi insanlardan bir neçəsi səhv yola düşdüyünü anlayaraq kömək üçün bizim din xadimlərimizə, Dövlət Komitəsinə müraciət edirlər. Əgər məscidlərə toplaşanlara və ətrafda gedən proseslərə diqqət yetirsək, görərik ki, xeyli müsbət dəyişikliklər var. Artıq insanlar həqiqəti anlamağa başlayıblar. Ona görə də onlar belə radikal fikirlərdən və bu cür yollara düşməkdən çəkinirlər. Müraciət edənlərin arasında müxtəlif məzhəb və cərəyanların nümayəndələri var. Onlar müəyyən bilgilər almaq istəyirlər. Məlum olur ki, onlara dini, eləcə də gedən proseslər haqqında verilən ilkin bilgilər yanlış olub. Keçirilən görüşlərdən, aparılan söhbətlərdən və izahat işlərindən sonra həmin insanlarda artıq köklü dönüş hiss olunur. Artıq onlar başa düşürlər ki, əvvəlki, ilkin "müəllimləri" onları yanlış yola yönəldiblərmiş".
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu həbs ediliblər.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.
Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin "əhli-sünnə" təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.