“Narkomaniyadan öz iradəm sayəsində xilas ola bildim” Hadisə

“Narkomaniyadan öz iradəm sayəsində xilas ola bildim”

Müalicədən sonra narkoman öz mühitini dəyişməklə yanaşı şəxsi iradə nümayiş etdirməzsə, heç bir faydası olmayacaq

"Bir qələtdi, səhvdi etmişəm, mənə şans verin, məni özünüzdən kəsib atmayın, uzaqlaşdırmayın. Cəmiyyətə adaptasiya olunum. Bəli, cəmiyyət özündən narkomanları kəsib, atır. Necə ki, məni kəsib, tullamışdılar. Narkotiki tərgitmək üçün insana həkim lazım deyil. Sadəcə, insanın öz gücü, iradəsi olmalıdır. Narkomaniya insanın psixologiya və xarakteri ilə bağlı əməkdaşlıq edən xəstəlikdi". Bu sətirlər mərhum rep ustası Hüseyn Dəryanın son müsahibəsindəndir. Keçmiş narkotika istifadəçisi narkomanın sağalması üçün ehtiyac duyduğu müalicə vasitələrini sadalayır; cəmiyyət və ailə tərəfindən sevgi, diqqət, qayğı, inam və narkotik asılılığından qurtulmaq istəyən şəxsin güclü iradəsi onu bu bəladan qurtara bilər.
Ekspertlər hesab edir ki, gənclərin narkomaniyaya meyllənməsinin başlıca səbəbi işsizlik, düşdüyü mühit, onu əhatə edən tüfeyli həyat, hər şeydən dadmaq istəyi, özünü təsdiq arzusu, oğru aləminə maraq və digər amillərdir.
Aparılan araşdırmalar göstərir ki, infeksion narkotik istifadə edən gənclərin əksəriyyəti ailəli və 35 yaşadək olanlardır. Demək olar ki, narkomanların 80 faizi 24-36 yaş həddindədir. Dünyanın əksər ölkələrində narkotika istifadəçilərinə xüsusi qayğı göstərilməklə yanaşı, onlara əsl vətəndaşı kimi yanaşılır. Sözü gedən ölkələrdə bu günə qədər kifayət qədər narkoman normal həyata qaytarılıb. Bəs Azərbaycanda bu sahədə vəziyyət nə cürdür? Və ya azərbaycanlı narkotika istifadəçisinin müalicəsi qənaətbəxşdirmi?
Bu il Azərbaycanda narkomanların sayı kəskin şəkildə artaraq 27 mini ötüb. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına görə, 2010-cu ildə 25 489 nəfər narkotika istifadəçisi qeydiyyatdan keçib. 2011-ci ildə bu rəqəm 26 716 nəfər olub, 2012-ci ildə 27 mini ötüb. Mərkəzi Narkoloji Dispanserin açıqlamasına görə, 2013-cü ildə Azərbaycanda 28376 nəfər rəsmi qeydiyyatda olan narkotik maddə istifadəçisi olub. Onlardan 1566 nəfəri qadınlardır. Lakin ekspertlər bildirir ki, qeyri-rəsmi statistika bundan 2-3 dəfə daha artıqdır. Onların bildirdiyinə görə, narkomaniyadan əziyyət çəkənlərin əsas yaş həddi 25-29 arasında dəyişir. Bu statistikaya qeydiyyatdan keçməyən narkomanları da əlavə etsək, mənzərənin nə qədər acınacaqlı və təhlükəli olması bir daha görünər. Bu sahədə təkcə paytaxtda yox, ölkənin İranla sərhəd cənub bölgəsində də vəziyyət olduqca gərgindir. Müxtəlif təşkilatların apardıqları araşdırmalar göstərir ki, regionlarda, xüsusilə də cənub bölgəsində hətta 14-15 yaşlı yeniyetmələr arasında da narkotik vasitələrdən istifadə edənlər var. Üstəlik narkomaniyadan ölkə daxilində təklif edilən müalicə bir çox hallarda lazımi effekti vermir. Belə ki, adının çəkilməsini istəməyən keçmiş narkotik istifadəçisinin dediyinə görə, ölkədə onların müalicəsi sadəcə gözdən pərdə asmaq üçün aparılır: "Mən bir neçə ay klinikada yatdım. Hər şeydən təcrid olunmuşdum. Gün ərzində mənə çoxlu sayda iynə vurulurdu. Sonradan bildim ki, sən demə, bununla mənim qanımı yuyurmuşlar. Xəstəxanadan çıxandan sonra özümü normal hiss edirdim. Amma bu sadəcə iki-üç ay davam etdi. Çünki psixoloji asılılıq hələ də qalırdı. Ən xırda hadisələr belə məni narkotik qəbul etdiyim vaxtlara aparırdı. Məncə, narkomaniyadan öz iradəm sayəsində xilas ola bildim. Müalicə isə müvəqqəti keyitmə effektindən başqa bir şey deyil".
Ekspertlər bildirir ki, bir neçə il əvvəl narkomaniyaya daha çox böyük şəhərlər - Bakı, Sumqayıt, Gəncə və s. yerlərdə rast gəlinirdisə, indi bu problem bütün ölkəyə yayılıb. Digər ağrılı problem narkotik vasitələrdən istifadə edənlərin arasında qadınların sayının artmasıdır. Faciə narkoman qadının bunun üçün pul tapa bilməməsi ilə başlayır. Əvvəlcə evdən, sonra küçədən oğurluq edir. Bu da alınmırsa, onda həmin qadınlar insan alverçilərinin toruna düşürlər.
Narkomaniya varlı və kasıb ailələrin ortaq dərdidir desək yanılmarıq. Hər şey valideynin övlada nəzarəti itirməsindən başlayır. Pul çox olanda övlad rahatlıqla onu narkotika alışına yönəldə bilir. Kasıb valideynin isə başı pul qazanmağa qarışdığından övlada nəzarətini itirir, övlad narkotika ilə rastlaşan zaman tək olur.
Ekspertlərin fikrincə, narkoman övladın müalicə prosesində valideynin rolu mühümdür. Ata-ana sərt olmalı, xəstənin qıcıqlarına, tutmalarına hazır olmalıdır. Psixoloqlar da təsdiq edir ki, narkomana əvvəlki vəziyyətə qayıtmağı üçün adi bir tanış şəkli görmək belə kifayətdir. Buna görə müalicə prosesində xəstənin bütün həyat şəraiti, hətta mümkün olarsa, yaşadığı ev də dəyişdirilməlidir.
Narkomaniyanın induktiv bir sahə olduğunu deyən psixoloq Dəyanət Rzayev isə Azərbaycandakı müalicə üsullarının heç bir effektinin olmadığını bildirir: "İki formada narkoloji asılılıq var - psixi və fiziki. Fiziki asılılığı qanı yumaqla həll etmək mümkündür. Psixi asılılığın isə ölkədə müalicəsi sıfra bərabərdir. Bizim narkoloqlar yalnız qanı təmizləməklə iddia edirlər ki, xəstəni sağaltdılar. Ümumiyyətlə, Azərbaycanda narkomanların müalicəsi sahəsində heç bir real və psixoloji iş getmir. Tibb Universitetində heç psixoterapiya kafedrası da yoxdur. Şərait yaratsalar, dərslər təşkil etsələr, əminəm ki, peşəkar mütəxəssislər həmin dərslərdə pulsuz iştirak edərlər. Amma bunun yaxın bir neçə ildə təşkili heç inandırıcı görünmür. Bunu Azərbaycanda yaradan olmayacaq. Yaratsalar da hamı öz qohumunu, qeyri-mütəxəssisləri yığacaq ki, gəlin, burada 5-10 manat pul var".
Psixoloq məhkumluqdan çıxandan sonra narkomanların həyat şəraitinin daha da ağırlaşdığını bildirir: "Deyirlər islahat müəssisəsi var, orada işlər görülür, narkomanlar müalicə olunur, amma belə deyil. Bunlar sadəcə həbsxanalardır. Narkotik istifadəçiləri azadlığa çıxandan sonra işlə təmin edilmir, cəmiyyətdən demək olar ki, tam təcrid olunurlar. Axı ona da pul lazımdır. Bəs pulu haradan əldə etsin?! Buna görə də o, yenidən narkotik alıb istifadə edir və hər şey təkrarlanmağa başlayır".
Ölkədəki əksər mütəxəssislər isə sağalmaq üçün müraciət edən narkomanları çox vaxt birmənalı qarşılamırlar. Onların fikrincə, həmin xəstələrin niyyəti sağalmaq yox, qanı təmizlənəndən sonra yenidən narkotikdən həzz almaqdır. Dəyanət Rzayev də bu faktı istisna etmir: "Bəli, bu, bir faktdır. Narkomanlarda şəxsiyyətin narkotik transformasiyası prosesi gedir. Guya müalicə olunmaq istəyirlər, əslində isə yeni doza tətbiqi ilə yeni həzzlər axtarışında olurlar".
Xatırladaq ki, ölkədə narkomaniyaya qarşı sonuncu dövlət əhəmiyyətli proqram 2007-ci ildə hazırlanıb. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqram" 2007-2012-ci illəri əhatə edib. Gənclər Təhsil Mərkəzi QHT-nin həyata keçirdiyi narkotik zərərinin azaldılması proqramının koordinatoru Emil Maqalov deyir ki, bu gün narkotikin qanunla 0.05 qramı inzibati xəta hesab edilir. 0.05 qr narkotik ümumiyyətlə heç nə hesab edilir. Əvvəllər narkotiklərin keyfiyyətli olduğu vaxtlarda 0.05 hər hansı bir həzz verirdisə, indi isə bu göstərici minimal 0.2 qramdır. Yəni 0,2 qram narkotik narkomanı cəmi 1 saat ləzzət verə bilir. İnfeksion narkotik istifadəçiləri əslində xəstədirlər. Belə bir şəraitdə onları həbs edən polis qınanmamalıdır. Çünki polis qanuna tabedir və əmri icra edir. Burada günahkarlar qanun yazanlar və qanundakı boşluqlardır. Əgər qanunda olan boşluğa görə onlar müalicə müəssisələrinə yox, həbsxanalara göndərilirsə, narkomaniyanın qarşısını almaq üçün görülən işləri necə qənaət bəxş hesab etmək olar?"
Emin Maqalovun bildirdiyinə görə, narkotika istifadəçoləri narkotiki ilkin olaraq (heroin ,qara) bir neçə aylığına ləzzət üçün vurur. Bir neçə aydan sonra isə asılılıq yaranır. Əvvəlki illərdəki narkotiklərin keyfiyyəti indikindən 4-5 dəfə fərqlidir (bu narkotik satıcılarının marağında olan bir məsələdir). Əvvəlki illərdəki narkotikin kiçik miqdarında böyük həzz vardırsa, indiki narkotiklərin böyük miqdarı kiçik həzz verməklə yanaşı, daha tez asılılıq yaradır. Narkotikin yaratdığı asılılıq və tələbatdan yaranan ağrı çox ağır və ağla gəlməz dərəcədə olur. Narkoman bu ağrının qarşısını almaq üçün mütləq şəkildə hansı yolla olursa-olsun narkotik tapmalıdır. Həmin vaxt o, özünü öldürməyə belə hazırdır. Emin Maqalov bildirir ki, narkomanın müalicəsində əsas məsələ infeksion narkotik istifadəçilərinin tək və köməksiz qalması ilə bağlıdır. Yəni ailə, dost, bir sözlə hamı ondan öz döndərir və o köməksiz qalır. Nəticədə isə daha da meyllənir. Narkotikadan istifadə edən heç bir kəs əvvəlcə narkotikdən asılı vəziyyət düşmək istəmir. Lakin bu asılılıq qaçılmazdır: "Elə bir narkoman yoxdur ki, iynə vurmağı tərgitmək istəməsin. Hamısı tərgitmək arzusundadırlar. Lakin tələbatın əməl gətirdiyi ağrı buna imkan vermir. İstənilən infeksion narkotika istifadəçisinin əllərini bağlayıb 3-4 gün ərzində narkotiksiz saxlayıb ağrıdan tam şəkildə azad etmək olur. 1 il bundan öncə 5 il stajlı iynə vuran şəxsi özünün istəyi ilə bağlı bir otağa saldım. Ağrıdan qışqıraraq əzab çəkirdi. Hətta ağrının şiddətindən özünü divara daşa vuraraq qolunu sındırmışdı. 4 gündən sonra onu həmən otaqdan çıxardım və bir neçə gündən sonra ibadət edənlərə qoşdum. Yavaş-yavaş Allah hidayət verdi və namaz qılmağa başladı. Bir sözlə mühitini dəyişdikdən sonra normal həyat sürməyə başladı. Bu tez və effektiv, amma valideyn və yaxınları üçün ağır bir proses olduğundan çox valideyn sona qədər övladlarını qapalı yerdə saxlaya bilmir. Digər bir variant isə ən çox istifadə edilən pullu müalicədir. İNİ-lərə yardım etmək üçün ara və digər həkimlər fəaliyyət göstərirlər. Onlar sakitləşdirici dərmanlardan istifadə edərək 700-1500 manata 5-10 günlük müalicə üsulundan istifadə edirlər. Nəticədə narkotik aludəçisi sağalır. Lakin nəzarətsiz buraxıldıqda yenidən narkotikə aludə olur. Hər iki müalicə üsulundan sonra narkoman mühitini dəyişməklə yanaşı şəxsi iradə nümayiş etdirməzsə, heç bir faydası olmayacaq. 100 nəfərdən 8-10 nəfəri deyilən müalicələrdən uğurla çıxa biliblər. Qalanları isə yenidən narkotikə qurşanıblar".

Ülviyyə Tahirqızı