AMEA alimlərinin yeni istəyi Hadisə

AMEA alimlərinin yeni istəyi

"Universitet alimləri kimi, bizim də stajımız nəzərə alınsın"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri onlara əməkhaqqının verilməsi zamanı stajin da nəzərə alınmasını və stajdan asılı olaraq aylıq əməkhaqqına əlavələrin verilməsini istəyirlər.
AMEA-nın Fizika İnstitutunun direktor müavini Cavad Abdinov "Trend"ə bildirib ki, ali təhsil müəssisələrinin işçilərinin əməkhaqları hesablanan zaman onların stajları da nəzərə alınır və buna uyğun olaraq onlara əməkhaqqına əlavələr ödənilir.
Universitet və AMEA-da çalışan elm adamları arasında fərqin qoyulmasını düzgün saymayan C.Abdinov deyib ki, universitetdə çalışan professor və dosentlər kimi, onlara da staja görə aylıq əlavə pul verilməlidir. Bu məsələnin gündəmə gətirilməsi üçün institut rəhbərliyi təkliflər hazırlayaraq AMEA Rəyasət Heyətinə müraciət edəcək. AMEA isə öz növbəsində, bu məsələni müvafiq qurumlar qarşısında qaldırmalıdır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə bildirib ki, "Elm haqqında" qanun layihəsi qəbul olunduqdan sonra elm adamları arasında olan belə fərqlər aradan qalxacaq və AMEA sistemində çalışan alimlərin də bu problemləri həll ediləcək: "Yeni "Elm haqqında" qanun layihəsində yalnız bu məsələ deyil, digər məsələlərlə bağlı da bəndlər var. Bu layihədə bütün ayrı-seçkiliklər aradan götürülür. Universitetdə çalışan pedaqoji kadrlarla AMEA sistemində çalışan elmi işçilər arasında heç bir fərq qolyulmur. Bu qanun qəbul edildikdən sonra problemlər həll ediləcək".
Ş.Hacıyev bu qanun layihəsinin yaxın 1 həftə ərzində MM-nin müvafiq komitəsində müzakirəyə başlanılacağını da söyləyib.