Yaxşı övlad var... Hadisə

Yaxşı övlad var...

Arzu Şirinova

Bu mövzuya başqa istiqamətdən toxunmuşdum. Yenə də bu mövzudan yazıram. Ancaq fərqli. Bizim cəmiyyətdə bəlkə də əksəriyyətin düşüncəsi belədir -"filankəsin oğlu olmadığı üçün sonsuzdu" və yaxud "oğlu olsaydı öləndə cənazəsinə girərdi ki, onun da ruhu şad olsun". Bu cür təfəkkür sahibləri nə yazıq ki, kifayət qədər saydadı. Və bunlar cəmiyyəti öz fikirlərilə yönləndirməyə çalışırlar.
Bu yaxınlarda qohumlardan biri rəhmətə getdi. Necə deyərlər vaxtsız ölümü hər kəsi ağrıtdı. Onun üç qızını isə bu itki sarsıtdı. Ata yoxliğunu hələ illər uzunu yaşayacaqlar. Bəlkə də ömürləri bitənə kimi. Çünki ataları onlara həm qardaş, həm dost, həm də ata olub. Kasıbçılıqla böyüyən bu qızlar sevgi görüblər atalarından. Bu sevgi isə çox vaxt bir parça tapdıqları çörəyi şad-xürrəm yeməyə bəs edib. Hər üç qızının təhsil alması üçün gücü nəyə çatıbsa köməyini əsirgəməyib. Və üç qızının toyunu edib, yuva qurduqları üçün ürək dolusu sevinib. Nəvə sevincini dadıb və həyatda yalnız torpaq nisgilindən başqa nisgili olmadığını övladlarına dönə-dönə bildirib. Sağalmaz xəstəliyə düçür olanda qızlarını başına toplayıb və deyib: "Sizi yerbəyer eləmişəm. Artıq gözüm arxada qalmayacaq. Pulunuzu boşuna həkimlərə verməyin. Onsuz da dərdimi bilirəm ki, çarəsi yoxdu".
Ancaq qızlar atalarının sözünə əməl etmədilər. Bacardıqları və əllərindən gələn nə varsa ataları üçün əsirgəmədilər. Onların ciddi-cəhdi sayəsində atanın ömrü bir qədər uzandı. Sözsüz ki, ömrü verən Ulu Tanrıdır. Ancaq bu ömrün uzanmasına çaba göstərən də qızlar oldu. Bəlkə də qızların əməyini qiymətləndirən Ulu Tanrı kiçik qızın toyunu görməyi ataya nəsib elədi. Bu toydan sonra ata rahat nəfəs aldı. Ölümə hazır olduğunu, qorxmadığını dönə-dönə qızlarına söylədi...
...Bəli, bu qızlar bəlkə də oğulun bir ataya, anaya etmədiklərini atalarından əsirgəmədilər. Təki atamız sağalıb ayağa dursun, ömrü bir qədər də uzansın. Nə yazıq ki, qızların qəlb sirdaşları, dərd-sərlərini paylaşdıqları ata dünyasını dəyişdi. Cümə axşamlarının birində qohum kimi qələmə verdikləri yaşlı bir qadın ağlayırdı. Buna ağlamaq demək olmazdı, qışqırırdı, ancaq gözündən bir damla yaş belə çıxmırdı. Deyirdi: "Oğulsuz ölən əmim oğlu, oğlun olsaydı səni qəbrə sallayardı. İndi yadların çiynində getdin".
Maraqlı burasıdı ki, onun bu sözlərinə göz yaşı töküb hönkür-hönkür ağlayanların sayı çox idi. Yaş gözlərimdə dondu. Bir anlığa sıra ilə oturan qızlara diqqət yetirdim. Əlacları olsaydı dillənərdilər: "Biz axı atamıza oğuldan artıq olmuşuq. Onun nə arzusu vardı həyata keməsinə çalışmışıq. Gücümüzün çattıdı qədər mülicəsinin aparılmasına yardımımızı əsirgəməmişik. Cənazəsini yerdən götürəndə ən böyüyümüz cənazəyə girdi ki, oğulu əvəz etdiyindən kimsənin şübhəsi qalmasın".
...Həmin gün evə dönəndə avtobusda bir söhbətə qulaq şahidi oldum. Yeddi oğlu olan bir ana yoldaca dünyasını dəyişib. Yeddi oğuldan birini tapa bilməyiblər ki, onu yerdən götürüb torpağa tapşırsınlar. Çünki yeddi oğuldan heç biri ata ocağını yandırmayıb. Hərəsi bir ölkədə öz həyatlarını qurub...
Belə faktlar yetərincədir. Bəs o zaman biz nədən övladlar arasında fərq qoyuruq?" Bu oğlandır və yaxud bu qızdır" deyib, ayrıseçkilik salırıq? Eyni zamanda, nədən "oğlan üçün hər nə lazımdır etmək olar, ancaq qız yadın çırağını yandırdığı üçün ona artıq xərc çəkməyin mənası yoxdur", cəfəng fikirləri nəsildən-nəsilə ötürmüşük və bu işi indi də görməkdə həvəsliyik?
Bunu anlamaq beləmi zordu-yaxşı övlad var və bu övladın qız, yaxud oğlan olmasının heç bir fərqi yoxdur.