Azərbaycan ordusu yeni artilleriya sistemləri alıb Hadisə

Azərbaycan ordusu yeni artilleriya sistemləri alıb

"Düşmən tərəfin mövqelərinin ciddi nəzarətdə saxlanılması məqsədilə Azərbaycan ordusunun ön xətdəki hərbi bölmələri müasir gecəgörmə cihazları ilə təmin edilib".
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov "Azərbaycan Ordusu" qəzetində dərc olunmuş məqaləsində yazıb. Y. Əhədov bildirib ki, hazırda motoatıcı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hərbi birləşmələrin istifadəsində olan əl qumbaraatanları üçün döyüş dəstindən əlavə yeni növ döyüş sursatları paylanıb. O deyib ki, Azərbaycan Silahlı Qüvvələrində müasir silah və texniki avadanlıqların silahlanmaya qəbul edilməsi ardıcıl olaraq davam etdirilir və silahlanmaya yeni artilleriya sistemləri daxil edilib. Bölmələrin silahlanmasına 120 mm-lik 2S12 "Sani" minaatan kompleksləri, 220 mm-lik TOS-1A reaktiv qurğusu, 152 mm-lik "Msta-S" və 120 mm-lik 2S31 "Vena" özüyeriyən artilleriya qurğuları qəbul edilib. Bir hərbi birləşmə isə BMP-3 piyadaların döyüş maşınları ilə tam komplektləşdirilib. "Bununla yanaşı, digər hərbi birləşmələrin də müasir silah-sursatla təchizatına ciddi əhəmiyyət verilir. Ötən ilin əvvəlindən hazırkı dövrədək hərbi bölmələrin yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi birləşmələrdə istismara və bərpaya yararsız olan silah və zirehli texnikalar qeydiyyatdan silinərək yeniləri ilə əvəz olunub", - deyə polkovnik Y. Əhədov vurğulayıb. O qeyd edib ki, ötən il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədris prosesinin təkmilləşdirilməsi, hərbi hissələrdə təlim-məşq trenajorlarının hazırlanması nəticəsində maddi-texniki təminat sahələrinə cavabdeh olan zabit və gizirlərin hazırlığında əsaslı dönüş yaranıb.