Bəzən vətəndaşlar əlillik təyin olunmadan sosial ödəniş üçün müraciət edirlər - DSMF sədri Hadisə

Bəzən vətəndaşlar əlillik təyin olunmadan sosial ödəniş üçün müraciət edirlər - DSMF sədri

Bəzən vətəndaşlar səhhətində problem yarandıqda, əlillik təyin olunmadan ona sosial ödənişin verilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edirlər. Əlillik təyin olunmadığı üçün bu halda vətəndaşa imtina cavabı verilir, vətəndaş isə həmin imtina cavabının əsassız şəkildə verildiyini iddia edir.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, səhhəti ilə bağlı hər hansı probleminin olması həmin şəxsə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişin edilməsi zərurətini yaratmır. Bu zərurət o zaman yaranır ki, şəxsin əlilliyi müəyyən olunsun.

Fond sədri deyib ki, səhhəti ilə bağlı hər hansı problemi olduğu təqdirdə şəxs səhiyyə müəssisəsinə müraciət etməlidir. Həmin şəxsə əlillik təyin olunduqdan sonra onun üçün pensiya və ya müavinətlər avtomatik qaydada təyin olunur:

“Şəxsin əlilliyi müəyyən olunan kimi sistem onu görür və şəxsin müraciəti olmadan avtomatik qaydada ona pensiya və ya təqaüd hesablayıb təyin edir”.