Azərbaycanda yeni reklam qaydaları tətbiq ediləcək Hadisə

Azərbaycanda yeni reklam qaydaları tətbiq ediləcək

Qüdrət Həsənquliyev: "Alkoqollu içkilərin, dərmanların, ov silahlarının reklamı qadağan olunmalıdır"

Dünən Milli Məclisin yaz sessiyasının ilk iclasında "Reklam haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeni qanun layihəsində alkoqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman peraparatlarının reklamı, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb.
Deputatlar qanun layihəsinin müzakirəsi zamanı müxtəlif təklif və iradlarını səsləndiriblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında qeyd edib ki, "Reklam haqqında" qanunun müzakirəsində əsas diqqət prinsipial məsələlərə yönəldilməlidir: "Reklamla bağlı məni konseptual baxımdan əsas narahat edən məsələlər ondan ibarətdir ki, biz bu qanunla alkoqollu içkilərin reklamına icazə veririk. Mən hesab edirəm ki, insanın sağlamlığına ziyan vuran hər hansı reklam qadağan olunmalıdır. Əlbəttə müsbət haldır ki, 3-cü fəsildə tütün və tütün məmulatlarının, onlara aid ləvazimatların reklamı qadağan olunur. Düşünürəm ki, eyni qaydada da alkoqollu içkilərin reklamı qadağan olunmalıdır. Ona görə ki, bu, orqanizm üçün ziyanlıdır".
Millət vəkili qeyd edib ki, dərmanların reklamı da qadağan olunmalıdır: "Hesab edirəm ki, tibbi təyinatlı texnikanın, məmulatların, tibb xidmətlərin reklamı normaldır, amma dərman vasitələrinin reklamına icazə verilməməlidir. Nəzərə alaq ki, biz hələ tam inkişaf etmiş Avropa ölkəsi deyilik və bizim Şərq mentalitetindən gələn bəzi məsələlər var. İnsanlarımız bir çox hallarda televiziyada reklam olunan və deyilən bir fikri sanki bir Quran ayəsi kimi qəbil edirlər. Çox təəssüf ki, bu belədir. Məsələn, adi bir vitamini reklam edirlər, amma onu da normadan artıq qəbul etmək ziyanlıdır. Ona görə də dərmanı reklam etmək, televizordan demək ki, bunun filan xeyri var və camaat da getsin alsın, bunun qarşısı alınmalıdır. Reseptli və ya reseptsiz satılmasından asılı olmayaraq, ümumiyyətlə, mən düşünürəm ki, dərman vasitələrinin reklamına qadağa qoymalıyıq".
Qüdrət Həsənquliyev bildirib ki, digər bir ciddi məsələ silahların reklamı ilə bağlıdır: "Ov silahlarını necə reklam etmək olar? Dünyada indi ətraf mühitin qorunması ilə bağlı böyük bir proses gedir, Yaşıllar Hərəkatı dünyanın hər yerində güclənir. Planetdə insanların sayı artır, bununla biz digər canlıların da yaşayış məskənlərini daraldırıq, onların həyatını çətinləşdiririk. Bu biri tərəfdən də ətraf mühiti qorumaq əvəzinə ov silahlarını reklam etsək, camaat da başlayacaq ov silahları almağa və heyvanlara güllə atmağa. Amma, baxın, Avropada indi nəyi təbliğ edirlər? Heyvanlara, təbiətə sevgi, məhəbbət. Ona görə də düşünürəm ki, ov silahlarının təbliğini də prinsipial olaraq burdan çıxarmaq lazımdır".
Millət vəkili idman mərc oyunlarının da reklamına qarşı çıxıb: "Allah Heydər Əliyevə rəhmət eləsin! O vaxt kazinoları Azərbaycandan yığışdırdı və bir çox ailələri böyük faciələrdən xilas elədi. Indi qanunda idman mərc oyunlarının reklam məsələsi əksini tapıb. Düşünürəm ki, buna da qətiyyən ehtiyac yoxdur. Ümumiyyətlə, bu mərc oyunları yığışdırılsaydı yaxşı olardı. Siz bilmirsiniz ki, mərc oyunları nə qədər ailələrə böyük problemlər yaradır?! O vaxt da bu barədə deyildi, çox təəssüf ki, bəzi deputat həmkarlarımız bunu dəstəklədi, qəbul edildi. Amma idman mərc oyunlarına icazə vermişiksə belə, onun reklamının qarşısı məncə alınmalıdır. Bax, bu sadaladığım məsələlərə konseptual baxımdan, hesab edirəm ki, qadağa qoyulmalıdır".
Millət vəkili daha sonra xatırladıb ki, SSRİ dövründə ictimai-mədəni tədbirlərin keçirilməsi üçün idarə, müəssisə və təşkilatların üzərinə 3 faizlik öhdəlik qoyulurdu. İndi Səhiyyə Nazirliyinə Nazirlər Kabinetinin Ehtiyat Fondundan vəsait ayırmaq olar ki, sağlam həyatı təbliğ etsin. Məsələn, narkotika, alkoqolizm əleyhinə xüsusi çarxlar hazırlayıb, onları pulla televizilarda yerləşdirməlidir. Çünki yağsız aşın dadı olmadığı kimi, pulsuz reklamın da effekti olmaz".