20:34
336
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd olunub.
O bildirib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib:
"Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.
Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.
Fransa tərəfini Azərbaycan Respublikasının suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırırıq".