19:08
322
“Zəngəzur dəhlizi ilə bağlı əsas fikir ayrılığı marşrutun açılmasının özündən deyil, onun hansı təhlükəsizlik və nəzarət mexanizmi ilə fəaliyyət göstərəcəyindən qaynaqlanır”.
Bunu politoloq Elman Telmanoğlu Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan üçün prioritet məsələ Naxçıvanla fasiləsiz və etibarlı quru əlaqəsinin təmin edilməsidir, Ermənistan isə marşrut üzərində öz suveren hüquqlarının məhdudlaşdırılacağı ilə bağlı narahatlığını ön plana çıxarır:
“Bu səbəbdən kompromis yalnız hər iki tərəfin əsas maraqlarını nəzərə alan idarəetmə modeli əsasında mümkün görünür. Ən real kompromis variantı marşrut üzrə yük və sərnişin daşımalarının maneəsiz həyata keçirilməsi ilə yanaşı, təhlükəsizlik və gömrük prosedurlarının qarşılıqlı razılaşdırılmış mexanizmlərlə tənzimlənməsi ola bilər. Bu model həm Azərbaycanın nəqliyyat bağlantısı ilə bağlı gözləntilərinə cavab verə, həm də Ermənistanın suverenliklə bağlı narahatlıqlarını müəyyən qədər azalda bilər”.
Politoloqun sözlərinə görə, marşruta üçüncü tərəfin və ya beynəlxalq özəl şirkətin cəlb edilməsi ehtimalı da tamamilə istisna edilə bilməz:
“Əgər tərəflər bir-birinə kifayət qədər etibar etmirlərsə, neytral texniki operatorun prosesdə iştirak etməsi etimadın formalaşmasına xidmət edə bilər. Bununla belə, belə bir mexanizmin tətbiqi yalnız Azərbaycan və Ermənistanın razılığı əsasında mümkündür və onun səlahiyyətləri nəqliyyatın təhlükəsizliyi və texniki idarəçiliyi ilə məhdudlaşmalıdır. Əks halda, bu məsələ yenidən geosiyasi rəqabətin predmetinə çevrilə bilər”.
Elman Telmanoğlu qeyd edib ki, Zəngəzur dəhlizinin gələcəyini müəyyən edəcək əsas amil marşrutun hansı tərəfin siyasi üstünlüyünə xidmət etməsi deyil, onun regional iqtisadi əməkdaşlığı və qarşılıqlı etimadı gücləndirən kommunikasiya xətti kimi formalaşdırılmasıdır.
Günel Elxan