Azərbaycan Naxçıvanla əlaqə məsələsində kompromisə getməyəcək – Politoloq Siyasət

Azərbaycan Naxçıvanla əlaqə məsələsində kompromisə getməyəcək – Politoloq

“Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təhlükəsiz və maneəsiz şəkildə təmin olunması ölkənin dəyişməz prinsipial mövqeyidir və bu məsələdə hər hansı kompromisdən söhbət gedə bilməz”.

Bunu politoloq Oqtay Qasımov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi məsələsi hələ 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb və həmin maddədə kommunikasiya xəttinin fəaliyyət prinsipləri, eləcə də təhlükəsizliyin təmin olunması ilə bağlı şərtlər açıq şəkildə göstərilib:

“Azərbaycanın əsas tələbi Naxçıvana gediş-gəlişin təhlükəsiz və maneəsiz şəkildə təmin edilməsidir və bu mövqe bu gün də dəyişməz olaraq qalır. Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmada da bu məsələ xüsusi diqqət mərkəzində olub”.

Qasımovun fikrincə, Ermənistanla ABŞ arasında “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilmiş razılaşmada da həmin şərtlərin yerinə yetirilməsi nəzərdə tutulur:

“Burada hansısa kompromisdən söhbət gedə bilməz. Azərbaycan üçün əsas məsələ Naxçıvanla quru əlaqəsinin maneəsiz və təhlükəsiz təmin olunmasıdır. Bunu üçüncü tərəf, Ermənistan və ya hansısa dövlət və şirkət həyata keçirəcək, bu əsas məsələ deyil. Əsas olan dəhlizdə Azərbaycanın tələb etdiyi rejimin təmin edilməsidir. Azərbaycan bu məsələdə geri addım atmayacaq. Qasımov xatırladıb ki, vaxtilə Sovet dövründə həmin ərazilər Azərbaycandan alınaraq Ermənistana verilib və nəticədə Naxçıvan anklav vəziyyətinə düşüb. Bu baxımdan Naxçıvanla təhlükəsiz və maneəsiz əlaqənin təmin edilməsi Azərbaycanın prioritet məsələlərindən biridir”.

Politoloq qeyd edib ki, əvvəllər üçtərəfli bəyanata əsasən dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu və həmin vaxt da eyni şərtlər qüvvədə idi: “Hazırkı mərhələdə isə ABŞ ilə Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, nəzarətin Amerika tərəfinin cəlb edəcəyi özəl şirkət vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu halda da təhlükəsiz və maneəsiz keçidlə bağlı şərtlər dəyişmir. Ona görə də bu məsələdə hər hansı kompromisdən danışmaq düzgün deyil”.

Günel Elxan