Rəşad Sadıqov: Gedişat göstərirdi ki, qol vura bilməyəcəyik İdman

Rəşad Sadıqov: Gedişat göstərirdi ki, qol vura bilməyəcəyik

"Oyun barəsində uzun danışmaq çətindir. Hər şey göz qabağındadır".

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Estoniyanın “Payde” komandasına qarşı keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanı belə dəyərləndirib:

"Təbii ki, bizim üçün oyun haqqında uzun-uzadı danışmaq çox çətindi. Bu, məyusedici bir məğlubiyyət oldu və mərhələni keçə bilmədik. Hər şey göz qabağında idi: erkən qol, çoxsaylı qol epizodları. Hətta o qədər imkan yaratdıq ki, bəlkə də 3-4 oyuna yetəcək qədər qol vəziyyətləri oldu. Təəssüf ki, bunları dəyərləndirə bilmədik. Dirəklər, qapıçı və müdafiəçilər buna mane oldu, sanki top qapıdan keçmək istəmirdi. Belə hallarda çox vaxt nəticədə məğlub olursan, bu gün də elə oldu. Oyunun gedişatı artıq göstərirdi ki, qol vura bilməyəcəyik və rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm və növbəti oyunlarda onlara uğurlar arzulayıram".

R.Sadıqov əlavə edib ki, hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf "Zirə" olub: "Lakin təəssüflər olsun ki, yaratdığımız çoxsaylı qol epizodlarını və üstünlüyümüzü nəticəyə çevirə bilmədik”.