"Əhməd əl Şara regional dinamikanı kökündən dəyişib" Dünya

"Əhməd əl Şara regional dinamikanı kökündən dəyişib"

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada Əhməd əl-Şəranın (əvvəllər "Həyat Təhrir əl-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Cülani kimi tanınan şəxs) hakimiyyətə gəlməsi regional dinamikanı kökündən dəyişib. Ölkə İran və Rusiyanın təsir dairəsindən çıxaraq ABŞ, Fars körfəzi ölkələri və digər əsas aktorlarla münasibətləri bərpa etməyə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bunu iranşünas Vasili Papava deyib.

"Eyni zamanda, Suriya 14 illik vətəndaş müharibəsindən sonra beynəlxalq legitimlik, sanksiyaların ləğvi və iqtisadi dirçəliş uğrunda səy göstərir.

Əsədin devrilməsindən dərhal sonra İsrail Suriyanın cənubunda hərbi mövcudluğunu genişləndirdi: o, bufer zonanı və strateji yüksəklikləri (o cümlədən Hermon dağının Suriya tərəfini) nəzarət altına aldı və təhdidlərin qarşısını almaq, həmçinin Druz azlığını qorumaq bəhanəsi ilə mütəmadi olaraq zərbələr endirir" - o, qeyd edib.

Onun fikrincə, bu addım Yom Kippur müharibəsindən sonra bağlanmış və BMT-nin nəzarəti altında demilitarizasiya olunmuş zona yaradılmasını nəzərdə tutan 1974-cü il tarixli Qoşunların Ayrılması haqqında Sazişi pozur. İsrail tərəfindən 1967-ci ildə ələ keçirilən və 1981-ci ildə ilhaq edilən (bu addım BMT də daxil olmaqla, əksər dövlətlər tərəfindən tanınmayıb) Qolan Təpələri əsas ərazi mübahisəsi olaraq qalmaqdadır:

"Bu arada, Livan ərazisində İsrail ilə Hizbullah arasında münaqişə davam edir. Onilliklər ərzində Hizbullah Əsədin əsas müttəfiqi olub və onun rejimi tərəfində çıxış edərək Suriya müxalifətinə — o cümlədən hazırda Dəməşqə nəzarət edən qüvvələrə qarşı vuruşub. Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqdəki yeni administrasiya ilə Hizbullah arasındakı münasibətlər əhəmiyyətli dərəcədə soyuyub

ABŞ prezidenti Donald Tramp dəfələrlə Hizbullah probleminin həllində İsrailin əvəzinə və ya onun yanında Suriyanın aparıcı rol oynamasını təklif edib ki, bu da daha dəqiq və məqsədyönlü metodlardan istifadəni şərtləndirəcəkdi. Bununla belə, Əl-Şaraa birbaşa hərbi müdaxiləni ardıcıl olaraq rədd edirdi".

Cavid