
“ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşdən sonra verdiyi müsbət mesajlar Vaşinqton-Kiyev münasibətlərində dialoqun davam etdirilməsi istiqamətində siyasi iradənin mövcud olduğunu göstərir”.
Bunu politoloq Tural İsmayılov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
O bildirib ki, Trampın görüşü “çox yaxşı” qiymətləndirməsi və Zelenski ilə görüşü “böyük şərəf” adlandırması tərəflər arasında kommunikasiya kanallarının açıq saxlanılmasının vacibliyinə işarə edir: “Bu mesajlar həm Ukrayna müharibəsinin gələcək diplomatik mərhələsi, həm də Avropanın təhlükəsizlik sisteminin perspektivləri baxımından diqqətlə izlənilməlidir. Son illərdə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə Avropanın təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklər baş verib.NATO-nun şərq cinahının gücləndirilməsi, müdafiə xərclərinin artırılması, yeni üzvlərin alyansa qoşulması və Avropa ölkələrinin hərbi imkanlarını genişləndirməsi bu prosesin əsas elementləridir. ABŞ isə bu təhlükəsizlik modelində əsas aktor olaraq qalır. Buna görə də Vaşinqtonun Ukraynaya münasibətində müşahidə olunan hər bir siyasi mesaj NATO daxilində də diqqətlə qiymətləndirilir”.
Tural İsmayılov qeyd edib ki, Tramp administrasiyası ilə Ukrayna rəhbərliyi arasında daha praqmatik və davamlı dialoq formalaşarsa, bu, NATO daxilində koordinasiyanın güclənməsinə müsbət təsir göstərə bilər:
“Xüsusilə hərbi yardımın planlaşdırılması, müdafiə sənayesi üzrə əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və Avropa ölkələrinin üzərinə düşən məsuliyyət bölgüsü kimi məsələlərdə daha sistemli yanaşmanın formalaşması mümkündür. Bununla yanaşı, alyans daxilində qərarlar konsensus əsasında qəbul olunduğundan, ABŞ-ın mövqeyi vacib olsa da, yekun nəticə digər müttəfiqlərin yanaşmasından da asılı olacaq”.
Politoloq əlavə edib ki, Avropa dövlətləri son illərdə təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın müəyyən qədər azaldılması və öz müdafiə potensialının gücləndirilməsi istiqamətində də addımlar atırlar:
“Bu səbəbdən Vaşinqton-Kiyev dialoqunun inkişafı Avropa İttifaqının təhlükəsizlik siyasəti ilə paralel qiymətləndirilməlidir. ABŞ və Ukrayna arasında münasibətlərin müsbət dinamikası Avropanın müdafiə təşəbbüslərini zəiflətməkdən daha çox onları tamamlayan amil kimi çıxış edə bilər. Yüksək səviyyəli görüşləri yalnız verilən bəyanatlar əsasında qiymətləndirmək düzgün yanaşma deyil.Beynəlxalq siyasətdə liderlərin ictimai açıqlamaları ilə qapalı danışıqlarda müzakirə olunan konkret razılaşmalar arasında ciddi fərqlər ola bilər. Əsas göstəricilər sonrakı mərhələdə qəbul ediləcək qərarlar, hərbi və maliyyə dəstəyi ilə bağlı mexanizmlər, eləcə də ABŞ və Avropa müttəfiqlərinin koordinasiyalı fəaliyyətinin hansı səviyyədə davam edəcəyi olacaq”.
Politoloq sonda bildirib ki, Tramp və Zelenski arasında formalaşan dialoq Avropanın təhlükəsizlik mühitinə müsbət siyasi siqnal kimi qiymətləndirilə bilər:
“Lakin bu dialoqun NATO daxilində real və uzunmüddətli təsirini müəyyən edəcək əsas amillər konkret siyasi qərarlar, müttəfiqlər arasında koordinasiyanın dərinliyi və Ukrayna ətrafında formalaşacaq yeni təhlükəsizlik mexanizmləri olacaq. Hazırkı mərhələdə prosesi ehtiyatlı nikbinliklə izləmək daha obyektiv yanaşmadır”.
Günel Elxan