Ailələrdə uşaqların sayı azalır… Hadisə

Ailələrdə uşaqların sayı azalır…

Vüqar Bayramov: "Uşaqpulu bərpa edilməli və ən azı 7 yaşına qədər verilməlidir"

Həmişə çox uşağa üstünlük verilən Azərbaycan ailələri bu gün yalnız bir və ya iki uşaqla kifayətlənir. Çox uşağı çox problem kimi qiymətləndirən ailələr qız uşaqlarının doğulmamasına da nəzarət edirlər. Nəticə bu gün çoxuşaqlı ailələrin sayının kəskin azalması, oğlanlarla nisbətdə qız uşaqlarının azlıq təşkil etməsi, demoqrafik vəziyyətin gərginliyə sürüklənməsidir. Ekspertlər bu gün əldə etdiyimiz nəticənin səbəblərindən biri kimi dövlət tərəfindən ailələrə uşaq üçün müavinətin ödənilməməsi ilə izah edirlər. Əmək haqlarının kifayət qədər yüksək olduğu Avropada uşaq üçün ödənilən məbləğ yüksəkdir. Britaniya vətəndaşı olan uşaqlara hökumət ayda təxminən 150 funt sterlinq pul ayırır. Birdəfəlik müavinət isə 500 funt sterlinqdən artıqdır. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
Avstriyada birinci uşağın 10 yaşına qədər ailə hər ay 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənilir. Almaniyada 3 yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub. İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə hər ay 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
Azərbaycanda uşaq anadan olmasına görə birdəfəlik müavinətin məbləği 2013-ci il sentyabrın 1-dən 90 manat müəyyənləşdirilib. İşləyən və sosial sığorta haqqı ödəyən valideyinlər bu müavinatı Dövlət Sosial Müdafiə Fondundan, işsizlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. İşləyən ananın isə analıq məzuniyyəti dövründə hər ay üçün 30 manat müavinət almaq şansı var. Əgər ana uşağına yaş yarıma çatanadək özü baxmaq istəsə, o zaman yenə də eyni müavinəti alacaq, yox əgər uşağının 3 yaşına qədər evdə oturmaq fikrindədirsə, onda müavinətin məbləği 15 manata endirilir. İşləməyən ana isə bu yardımdan məhrumdur. Hər ay verilməli olan uşaqpulu çoxdan ləğv edilib. Uşaq pulundan hər kəsin yararlana bilməməsi yardımların ünvanlılıq prinsipilə əlaqələndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov mətbuata müsahibəsində bildirib ki, əgər ana ünvanlı sosial yardım alırsa, aztəminatlı ailədirsə, hər ay uşaq üçün 40 manat ödənir: "Bu məbləğ valideynə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yerli sosisal müdafiə mərkəzləri tərəfindən ödənilir. Hər iki valideyn işləmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni doğulmuş uşağa görə birdəfəlik 90 manat südpulu müavinəti verilir. Əgər valideynlərdən biri işləyirsə, həmin birdəfəlik süd pulu müavinəti Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir".
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, hər bir uşağa verilməli olan uşaqpulunun əvəzində hökumət, imkansız ailələrə dövlət yardım göstərir: "Hər bir dövlətin öz sosial müdafiə modeli var. Azərbaycanda dövlətin ehtiyacı olan ailələrə müavinət verilir. İranın, Rusiyanın, Türkiyənin və Avropanın modeli fərqlidir. Bizdə vəsait hesabı ilə götürəndə uşaq pulundan 10 dəfə də artıq ünvanlı sosial yardıma dövlət vəsait xərcləyir.Uşaq pulu yalnız körpə uşağı olan ailələrə verilir.
Uşağı olmayan yoxsul ailələr isə kənarda qalır. Ona görə də biz sosial müdafiənin ünvanlılıq prinsipini əsas götürmüşük ki, ailənin ehtiyaclarına görə yardımlar verilsin. Baxmayaraq ki, orada uşaq da var, böyük də var, uşağı olmayan ailə də var. Ailənin ehtiyacı varsa, hər bir halda adambaşına düşən aylıq gəliri, yaşayış minimumundan aşağıdırsa, ona ünvanlı sosail yardım tələb olunur."
Millət vəkili Azərbaycan modelinin daha uğurlu olduğunu hesab edir: "Biri varlı ailədir, yaxşı gəliri var və 2 uşağını rahat saxlaya biləcəksə, dövlətin ona verəcəyi 100 manata ehtiyacı da yoxdursa, uşaq pulu niyə verilməlidir ki? Bu mənada hesab edirəm ki, Azərbaycan modeli daha doğrudur."
İqtisadçı ekspert Vüqar Bayramov isə fərqli düşünür. O orta məktəb yaşına qədər uşaq pulunun verilməsinin vacibliyini vurğulayır: "Uşaq pulu elə məbləğdə olmalıdır ki, gənc ailələri daha çox ailədə uşağa sahib olmağa stimullaşdıra bilsin. Baxmayaraq ki, Azərbaycan əhalisi təbii artıma görə Avropada ən yüksək artıma malik olan ölkələrdən biridir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycanda 2 uşaqlı ailələrin sayı minuma enib. Eyni zamanda ailələrin çoxunda uşaqların sayı 1 və ya 2-dir."
Ailələrdə uşaqların, xüsusən də qızların sayının artırılması üçün uşaq pulunun bərpa edilməsinə ehtiyac var: "Nəzərə alsaq ki, ailələrdə doğulan uşaqların çox qismi oğlanlardır. Biz təklif edirik ki, qız uşaqları üçün təklif edilən məbləğ daha çox olsun. Bu da ailələrdə qız uşaqlarının sayını artıracaq və stimul yaradacaq. Uşaqpulu bərpa edilməli və ən azı 7 yaşına qədər verilməlidir".



Ekspertlər hesab edir ki, bu məsələdə MDB ölkələrinin təcrübəsindən istifadə etmək olar. Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır. Uşaq artıqca mavinətin məbləği də 2 dəfə artır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı xüsusi qanun layihəsi də təqdim edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova mətbuata açıqlamasında bildirib ki, çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsi barədə təkliflər qurumun hazırladığı "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində əksini tapıb. Layihədə çoxuşaqlı ailələrə uşaqların təhsili, səhiyyə xidmətləri, mənzil məsələləri, çoxuşaqlı valideynlərin əmək hüquqları ilə bağlı təminat və güzəştlər nəzərdə tutulub.
Hazırlanmış təkliflərdə çoxuşaqlı ailələrin uşaqlarına dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanının verilməsi məsələsi də qeyd olunub. Belə ki, uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi də təklif edilir. Bundan başqa, bu kateqoriyadan olan ailələrə mənzil alınması üçün ipoteka kreditlərinin verilməsi, yaşayış sahələrinin həmin ailələrin mülkiyyətlərinə pulsuz verilməsi nəzərdə tutulur. Layihədə belə ailələrə müavinətlərin verilməsi də təklif edilir. Taliyə İbrahimova bildirir ki, hazırda demoqrafik proseslər və çoxuşaqlı ailələrin sosial vəziyyəti bu qanunun qəbulunu zəruri edir. Belə ki, çoxuşaqlı ailələrin sayında azalma müşahidə olunur.
Yeri gəlmişkən, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)"nda qeyd olunub ki, məsələ ilə bağlı işlər mütəmadi olaraq Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcək. Yeni layihəyə əsasən, sosial müavinətlərin unifikasiyası və ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.
Bundan əlavə Dövlət Proqramında qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinətin məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud olan uşaq doğulduqda, ona qulluğa görə əlavə maliyyə yardımının göstərilməsi ilə bağlı təkliflərin hazırlanması, aztəminatlı çoxuşaqlı ailələrə əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələrin stimullaşdırılması və onlara əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq təkliflərin hazırlanması, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər də əks olunub.

Ülviyyə Tahirqızı