“Yerlərdə rəhbərlər öz “qanunları” ilə işləyir” Hadisə

“Yerlərdə rəhbərlər öz “qanunları” ilə işləyir”

"Yerlərdə rəhbərlər öz "qanunları" ilə işləyir. Bu gün yerli icra hakimiyyətləri qəbul edilən qanunlara riayət etmir və özbaşına hərəkət edirlər".
Bunu millət vəkili Flora Qasımova dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, yerli icra hakimiyyət orqanları vətəndaşların müraciətinə və şikayətlərinə qanun çərçivəsində baxmır, onlar bu qanunları kənara atıb, öz "qanunları" ilə bütün məsələlərə baxırlar: "Baxmayaraq ki, ölkə başçısı son toplatıda hər bir rəhbər işçinin ölkə vətəndaşının xidmətçisi hesab etsə də, bu gün yerlərdə müvafiq icra orqanları buna riayət etmir və bu da cəmiyyətdə ciddi narazılığa səbəb olur. Bizim əsas bəlamız və problemimiz bundadı. Nə qədər ki, qanunların icrasına nəzarət mexanizmi yoxdur. Yerlərdəki rəhbərlərin düşüncə tərzi dəyişməyib və qəbul olunan bu qanunlar düzgün icra olunmayacaq, necə yaxşı qanun qəbul etsək belə bunun heç bir effekti olmayacaq. Bu bizim ən ağrılı yerimizdi. Biz çalışıb qanunların icrası üçün effektli icra mexanizmi tapmalıyıq."