Martın 8-də “Sovetski”də heç bir aksiya olmayacaq Hadisə

Martın 8-də “Sovetski”də heç bir aksiya olmayacaq

Namiq Quliyev: "Mən əminəm ki, qadınların etiraz tədbiri keçirəcəyi barədə xəbəri yayanlar kənar qüvvələrdir"

Bakının keçmiş "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı təşkilat komitəsi ərazidə yaşayan qadınların martın 8-də etiraz aksiyası keçirəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Təşkilat Komitəsinin sədri Namiq Quliyev APA-ya açıqlamasında deyib ki, yayılan xəbərlər şayiədir, sabah heç bir aksiya gözlənilmir. O bildirib ki, sakinlərin yenidən etiraz aksiyası keçirməsinə heç bir əsas yoxdur: "Çünki bizə bildiriblər ki, hər kvadratmetrə 1500 manat ödənilməsinə razı olanların evləri söküləcək. Kim bu məbləğlə razı deyilsə, istəmirsə, onun evi sökülməyəcək. Belə olan halda, hansı adla aksiya keçirmək olar? İlk dəfə aksiyanı ona görə keçirdik ki, bizə dedilər iki ay vaxt qoyuruq və 1500 manatdan pul veririk. Biz də etiraz etdik ki, bu məbləğlə razı deyilik. İndi də deyirlər ki, razı deyilsinizsə, sökülməyəcək".
N. Quliyev qeyd edib ki, kütləvi tədbirin keçiriləcəyi barədə söhbətlərin yayılmasında, proseslərin qızışmasında kənar qüvvələr maraqlıdır. O, sakinlərlə görüşdüyünü də söyləyib: "Mən əminəm ki, burada qadınların etiraz tədbiri keçirəcəyi barədə xəbəri yayanlar bunu sakinlərin adından etmirlər. Burada kənar qüvvələr var. Onlar camaatı həmişə qıcıqlandırırlar, təzyiq altında saxlayırlar. Mən sakinlərlə görüşüb, danışmışam. Deyirəm belə bir məsələ var, onlar da bildirirlər ki, eşitməmişik. Aksiya deməklə deyil ki, gərək bunu nüfuzlu bir adam elan etsin. Sakinlərin bundan xəbərləri belə yoxdursa, deməli, heç bir aksiya gözlənilmir".