Girovlar azad oluna bilər Hadisə

Girovlar azad oluna bilər

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin, eləcə də ATƏT-in ABŞ-dan olan həmsədri Ceymis Uorlikin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün Ermənistana etdiyi çağırışlar hər kəsdə bir ümid doğurdu. Bu ümidverici çağırışlardan sonra tezliklə girovların azad ediləcəyi gözlənilirdi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev açıqlamasında bildirib ki, çağırışların artması fonunda girovların azad olunacağını gözləmək mümkündür:"Rusiya və ABŞ-ın çağırışları, eləcə də beynəlxalq aləmin təzyiqləri mütəmadi olarsa, Ermənistan da bu çağırışlara normal yanaşmalıdır. Ermənilər adekvatlıq göstərərək saxlanılan həmvətənlərimizi dərhal azadlığa buraxmalıdırlar. Onların Dağlıq Qarabağda azərbaycanlılar üzərindəki işgəncələrinə son qoyulmalıdır".
Deputat qeyd edib ki, Azərbaycan dövləti hər iki şəxsin azad olunması istiqamətində işləri davam etdirir: "Bu işlərin səmərəsini verəcəyi və girovların azad olunacağına böyük ümidim var".
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər və bir neçə maddə ilə ittiham olunaraq barələrində cinayət işi açılıb.
Ötən il dekabrın 29-da keçirilən "məhkəmə" prosesində Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.