M.Ə.Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatıb Hadisə

M.Ə.Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatıb

Tural

Azərbaycan Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildlik işıq üzü görüb. Nazirliyin məlumatına əsasən, əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplamış, ərəb əlifbasından latın əlifbasına çevirmiş və lüğəti tərtib etmişdir. I cildə M.Ə. Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus", "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi" qəzetlərində, "Füyuzat", "Volna" jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilmişdir.
II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanmışdır. III cilddə görkəmli şəxsiyyətin1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer almışdır.
IV cildə M.Ə. Rəsulzadənin 1917-ci ilin yanvar - 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilmişdir. V cilddə M.Ə. Rəsulzadənin 1918-ci il fevral - 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanmışdır.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında çap olunmuşdur, Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcəkdir. Həmçinin, tezliklə kitabı Nazirliyin www.bakubookfair.com saytında "Elektron kitabxana" bölməsində də oxumaq mümkün olacaq.