
“Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, bu tarix təkcə milli jurnalistikanın yaranması deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb: “Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” qəzeti milli mətbuatın təşəkkülündə müstəsna rol oynayıb, elm, təhsil və maarifçilik ideyalarını təbliğ edərək ictimai-siyasi fikrin inkişafına mühüm töhfə verib”.
Onun sözlərinə görə, qəzetin yaratdığı ənənə sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Məktəb”, “Kaspi” və digər nəşrlər tərəfindən davam etdirilib:
“Müstəqil Azərbaycanda milli mətbuatın inkişafında yeni mərhələ 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlarla başlayıb. Söz və məlumat azadlığının təmin edilməsi, media fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılması və jurnalistikanın inkişafı istiqamətində mühüm addımlar atılıb.
1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi Azərbaycan mətbuatının inkişafında dönüş nöqtəsi olub. Bu qərar azad media mühitinin formalaşmasına və cəmiyyətin operativ informasiya ilə təmin olunmasına yeni imkanlar yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti milli mətbuatın müasir dövrün tələblərinə uyğun inkişafına mühüm töhfə verib. Xüsusilə 2008-ci ildə təsdiq olunan “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” dövlət-media əməkdaşlığının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Müasir Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, milli məsuliyyət və yüksək vətənpərvərlik prinsiplərinə əsaslanmalıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində Azərbaycan mediası artıq qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib və rəqəmsal platformalar media qarşısında yeni imkanlarla yanaşı, yeni vəzifələr də müəyyənləşdirib”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi dövlətin milli mətbuata və jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir:
“2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, informasiya mühitinin sağlamlaşdırılması və media subyektlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycan mətbuatı Birinci və İkinci Qarabağ müharibələri dövründə, eləcə də 2023-cü ilin antiterror tədbirləri zamanı yüksək peşəkarlıq nümayiş etdirərək cəmiyyətin düzgün və operativ məlumatlandırılmasına, həmçinin beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılmasına mühüm töhfə verib.
2023-cü ildən Şuşada keçirilən Şuşa Qlobal Media Forumları beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm platformaya çevrilib. Bu forumlar Azərbaycanın mövqeyinin və reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır. Müasir dövrdə Azərbaycan mediasının qarşısında rəqəmsal texnologiyaların tətbiqi, süni intellekt imkanlarından istifadə, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizə və effektiv kommunikasiya mexanizmlərinin qurulması kimi mühüm vəzifələr dayanır.
Milli media zəngin tarixi ənənələrinə söykənərək müasir çağırışlara uyğun inkişaf etməli, dövlət maraqlarını, milli dəyərləri və informasiya təhlükəsizliyini daim diqqətdə saxlayaraq Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verməlidir”.
Günel Elxan