“Əxlaqsız qadınları himayə edənlər ifşa edilməlidir” Hadisə

“Əxlaqsız qadınları himayə edənlər ifşa edilməlidir”

Fazil Mustafa: "İçkili vəziyyətdə sükan arxasına oturan qadınların böyük əksəriyyəti özlərinə maşın almaq iqtidarında deyillər"

"İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə! Onlarda içib bara gedirlər...". Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili son günlər içkili vəziyyətdə sükan arxasına oturan qadınların sayının artmasına münasibət bildirib.
Qeyd edib ki, qadınların içki içmələri, əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu çox təhlükəli bir haldır: "Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Hesab edirəm ki, Rusiya ilə müqayisədə Azəraycanda daha çox içki içilir. Bu çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prossesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır".
Deputatın sözlərinə görə, içkili vəziyyətdə avtomobil idarə edən qadınların öz himayədarları var: "Qadınların içkili formada maşın idarə etmələri daha çox onların himayə olunmaları ilə bağlıdır. Özünə arxayın olmayan adam içkili formada sükan arxasına oturmur. Bəzi şəxslər öz himayələrində olan və qeyri-qanuni formada münasibət qurduqları qadınlara maşın alıb verirlər və onları küçəyə buraxırlar. Nəticədə həmin qadınlar yollarda bildiklərini edirlər".
F.Mustafa həmçinin bildirib ki, qadınların içki içmələri məsələsinə xüsusi diqqət ayrılmalıdır: "Neqativ halların sayı artmaqdadır. Bu problemin çıxış yolu isə ictimai müzakirədən keçir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Qadınların içkiyə meyilli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prossesi gedir. Fahişəlik baş alıb gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil".
O qeyd edib ki, Azərbaycanda fahişəliklə məşğul olan qadınların sayı durmadan artır: "Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlədə açıq-aşkar fahişəlik geniş yayılıb. Bunların qarşını ictimai qınaqla almaq mümükündür. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Bu problemə ictimayyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamamasına çalışmalıdırlar".