Gənc zabitlərlə görüş küçirilib Hadisə

Gənc zabitlərlə görüş küçirilib

Ramil Usubov onlara polis adını uca tutmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmalarını tövsiyyə edib

Daxili İşlər Nazirliyində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq iştirakçıları əlamətdar hadisələr – zabit rütbələrinə layiq görülmələri və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. O, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. Nazir qeyd edib ki, ümumilikdə kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov öncədən DİN-in İnternet saytında, əksər KİV-də, televiziya kanallarında elanlar verilməklə, respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha yuxarı bal toplayan 62 nəfərin Nazirliyə dəvət edildiyini, onlardan 39-nun ali hüquq, 23-nün isə pedaqoji təhsilli olduğunu bildirib. Qeyd olunub ki, daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qalibləri orta rəis heyətində müxtəlif vəzifələrə təyin olunublar.
Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyələrini verib. Ramil Usubov gənc zabitləri bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.