Türkiyəli jurnalistlər Bahar Muradova ilə görüşüblər Hadisə

Türkiyəli jurnalistlər Bahar Muradova ilə görüşüblər

Vitse-spiker: "Türkiyədə son günlər baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı üzülür"

Dünən Mətbuat Şurasının dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşüblər. Modern.az-ın məlumatına görə, qonaqları Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan vitse-spiker deyib ki, Azərbaycanlılarla türklər arasında görüş hər zaman bayramdır.
Bahar Muradovanın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrə, tarixi birliyə söykənir: "Ona görə də biz belə səfərlərin hər birini bugünkü qarışıq dünyada çox vacib aspekt hesab edirik. Çünki bu siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimizi və uğurlarımızı vahid gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir".
Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var. Onun sözlərinə görə, bu gün dünyada çox ağır bir durum yaranıb: "Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda, bütün dünya ölkələri və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür. Türkiyə regionun güclü və tanınmış bir ölkəsi kimi, eləcə də Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi, hesab edirəm ki, bu hədəflərə doğru birgə irəliləməkdə medianın gücünü düzgün müəyyənləşdirəcək".
Bahar Muradova türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: "Dağlıq Qarabağ və qondarma erməni soyqırımı məsələləri ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramının müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır".
O, jurnalistlərin diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kampaniyası gedir: "Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır.
Bahar Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb.
Türkiyə Qəzetcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: "Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Məqsədimiz hər il fərqli türk dünyası şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimi sizə təqdim edirəm".
Görüşün sonunda Bahar Muradova türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb.