TQDK mayın 24-də qəbul imtahanı keçirəcək Hadisə

TQDK mayın 24-də qəbul imtahanı keçirəcək

Tərlan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın gedişini işıqlandırmaq üçün 50 - dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 17-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əsli; "İmtahana buraxılış vərəqəsi".
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.