"Təklif Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməsini bəyan edir" Gündəm

"Təklif Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməsini bəyan edir"

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 16 sentyabr 2026-cı il çıxışında, Avropanın öz təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi ilə bağlı irəli sürdüyü təklif, əslində Avropa təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir, nəinki, NATO-ya alternativ olan "Avropa NATO-su"nun qurulmasına.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Burada söhbət ondan gedir ki, əgər Aİ ölkələrindən biri dron hücumu və yaxud da sobataj, kiberhücum və sairə kimi, yəni açıq müharibə səviyyəsinə hələ çatmayan təhlükə ilə üz-üzə gələrsə, bütün Aİ ölkələrinin koordinasiyalı şəkildə toplanması və cavab tədbirlərinin razılaşdırılmasını nəzərdə tutur.

Bura Avropa İttifaqı ölkələri ilə yanaşı Böyük Britaniya, Norveç, Kanada və hətta Ukraynanın da iştirak edə biləcəyi yeni təhlükəsizlik formatının qurulmasından söhbət gedir" - o, qeyd edib.

Şahbazinin fikrincə, Avropanın real hərbi imkanlarının artırılması və hava hücumlarından müdafiə və strateji nəqliyyat, havada yanacaq doldurma, peyklər, kiber imkanlar və bu istiqamətdə digər sahələrə də daha çox sərmayə qoyulması planlaşdırılır:

"Bunu "Avropa NATO-su" adlandırmaqda da məqsəd odur ki, məntiq baxımından oxşarlıqlar çoxdur. Lakin hüquqi və hərbi baxımdan fərqlənirlər. NATO - nun 5-ci maddəsinə görə silahlı hücumu kollektiv müdafiə məsələsinə çevirir. Fon der Leyenin təklif etdiyi mexanizm isə əsasən 5-ci maddədən əvvəlki "boz zona" təhlükələrinə qarşı kollektiv reaksiya mexanizmi yaratmağa yönəlib. Yəni təklif, Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməsini bəyan edir və arxasında birgə silah istehsalından tutmuş, hərbi təlimlərə qədər birgə təhlükəsizliyin təminatını nəzərdə tutur.

Bu baxımdan hesab edirəm ki, məsələnin ən mühüm tərəfi odur ki, Avropanın NATO-dan ayrıca təhlükəsizlik sistemi yaratması həmçinin NATO-nun özünü də gücləndirəcək və 27 ölkənin ayrı-ayrılıqda silah alması və müdafiə sənayesini parçalı şəkildə saxlaması ciddi problemlər yarada bilər. Bu istiqamətdə verilən təkliflər heç şübhəsiz ki, müdafiə sənayesinin inteqrasiyası və birgə layihələrin vasitəsilə bunu azaltmağa yönəlib.

Həmçinin Avropa İttifaqı NATO -dan asılılığını bununla kifayət qədər azaldacaq, qənaətindəyəm".

Cavid