“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06

20 sentyabr Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin ertəsi gün başa çatması ilə Azərbaycanın Qarabağda konstitusiya quruluşunu və dövlət hakimiyyətini tam bərpa etməsi təmin olundu. Bu hadisə 30 ildən artıq davam edən münaqişənin yaratdığı siyasi reallığın dəyişməsi ilə yanaşı, ölkənin bütün ərazisində suverenliyin təmin edilməsi baxımından da mühüm nəticə idi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixin dövlət səviyyəsində əhəmiyyətini müəyyənləşdirdi.
20 sentyabrın arxasında isə daha uzun siyasi proses dayanır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və dövlət institutlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Həmin dövrdə imzalanan “Əsrin müqaviləsi”, həyata keçirilən iqtisadi islahatlar və formalaşdırılan xarici siyasət xətti Azərbaycanın sonrakı inkişafı üçün ciddi resurs yaratdı. Ərazi bütövlüyünün bərpası məsələsi də milli siyasətin əsas prioritetlərindən biri olaraq qorundu.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət iqtisadi və hərbi imkanların genişləndirilməsi ilə müşayiət olundu. 2020-ci il Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası 30 ilə yaxın davam edən işğalın aradan qaldırılması baxımından həlledici nəticə yaratdı. Lakin Qarabağda Azərbaycanın tam hüquqi və inzibati nəzarətinin bərpası üçün növbəti mərhələ lazım idi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə həmin mərhələ də başa çatdı.
Bu hadisədən sonra diqqət hərbi nəticədən onun yaratdığı imkanlara yönəldi. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması, nəqliyyat və kommunal infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin qayıdışının təşkili artıq genişmiqyaslı dövlət proqramlarının əsas istiqamətlərindəndir. Bərpa prosesi təkcə sosial məsələ deyil. Yeni yollar, hava limanları, enerji və istehsal infrastrukturu həmin ərazilərin Azərbaycanın iqtisadi sisteminə daha fəal qoşulmasına şərait yaradır.
20 sentyabrın başqa bir mühüm tərəfi də Azərbaycanın regional mövqeyində baş verən dəyişiklikdir. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması ölkəyə nəqliyyat bağlantıları, regional ticarət və investisiya imkanlarından daha geniş istifadə etmək üçün əlavə şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyi, Zəngəzur istiqamətində kommunikasiyaların inkişafı və Orta Dəhlizin genişlənməsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıran amillər sırasındadır.
Bu mənada 20 sentyabrı Heydər Əliyevin qurduğu siyasi və iqtisadi təməllər ilə İlham Əliyevin rəhbərliyi altında əldə olunan nəticələri birləşdirən tarixi xəttin mühüm nöqtəsi kimi qiymətləndirmək lazımdır. Qarşıdakı əsas vəzifə isə əldə edilən nəticələrin sosial rifaha, iqtisadi artıma və uzunmüddətli regional imkanlara çevrilməsidir. 20 sentyabr Azərbaycanın tarixində bir problemin həll olunduğu gün olmaqla yanaşı, həmin nəticədən istifadə etməklə daha böyük inkişaf imkanlarının formalaşdırıldığı tarix kimi də yadda qalır.
Əli Səlimov, iqtisadçı