Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb Dünya

Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb

Avstraliyanın Baş naziri Entoni Albanese ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını bəyan edib.

Xalqcebhesi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun blokuna ayrılan iki qeyri-daimi yerdən birinə müraciətin 2029-cu ildə təqdim edilməsi nəzərdə tutulur.

Nyu-Yorkda BMT Baş Assambleyasında dünya liderlərinin illik görüşü çərçivəsində avstraliyalı baş nazir jurnalistlərə bildirib ki, Sakit okean və Cənub-Şərqi Asiyanın ada dövlətlərindən "çox güclü dəstək" gözləyir. O inanır ki, dünya liderləri ilə münasibətləri müraciətin uğur qazanmasına töhfə verəcək. Bununla yanaşı, agentlik qeyd edir ki, bazar ertəsi dərc olunan rəy sorğusu Entoni Albanesenin ölkəsindəki dəstək reytinqinin ən aşağı səviyyəyə düşdüyünü göstərib.

BMT Təhlükəsizlik Şurası beş daimi (Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya) və beşinin hər il seçildiyi 10 qeyri-daimi üzvdən ibarətdir. Avstraliyanın BMT TŞ-dəki əvvəlki ikiillik səlahiyyət müddəti 2014-cü ildə başa çatıb. 2029–2030-cu illər üzrə bu yerə digər namizəd Qərbi Avropa ölkələri qrupu tərəfindən irəli sürülən Finlandiyadır. Həmçinin Asiya-Sakit Okean regionu, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri qrupları da öz namizədlərini təqdim edəcəklər. Qeyri-daimi üzvlərin seçilməsi üzrə gizli səsvermə 2028-ci ilə planlaşdırılır.

Məryəm Quliyeva