
“Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik sahəsinə cavabdeh yüksək vəzifəli şəxslərini qəbul etməsi zamanı verdiyi açıqlamalar Azərbaycanın Türk dünyasına yönəlmiş yanaşmasının yalnız siyasi ritorika səviyyəsində qalmadığını, institusional və strateji çərçivədə nəzərdən keçirildiyini göstərir. Xüsusilə Türk Dövlətləri Təşkilatının aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi istiqamətində qarşıya qoyulan hədəf, təşkilatın mövcud əməkdaşlıq mexanizmlərinin daha inkişaf etmiş institusional struktura keçirilməsinin zəruriliyinə işarə edir. Burada əsas məsələ Türk dövlətləri arasında mövcud siyasi iradənin daha sistemli, koordinasiyalı və nəticəyönümlü mexanizmlərə çevrilməsidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu deyib.
M.G.Özçubukçu qeyd edib ki, Azərbaycanın bu prosesdəki mövqeyi də xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan hazırda Türk Dövlətləri Təşkilatı daxilində aparıcı aktorlardan biri kimi önə çıxır. Bu mövqenin arxasında siyasi, geosiyasi və iqtisadi olmaqla bir sıra əsas amillər dayanır. İlk növbədə Bakı Türk dünyası ilə siyasi əlaqələri xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Prezident İlham Əliyevin istifadə etdiyi “Türk dünyası bizim ailəmizdir” ifadəsi də bu yanaşmanın siyasi əsasını ortaya qoyur. Türk dünyası Azərbaycan baxımından yalnız ortaq tarix, dil və mədəniyyət üzərindən müəyyənləşən bir məkan deyil, eyni zamanda, siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və ortaq maraqların inkişaf etdirilməli olduğu geniş geosiyasi məkan kimi qiymətləndirilir. Azərbaycanın çəkisini artıran ikinci amil isə onun malik olduğu geosiyasi və iqtisadi mövqedir. Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat və ticarət marşrutlarında Azərbaycan mərkəzi mövqedə yerləşir. Orta Dəhlizin inkişafı, Ələt Limanı, dəmir yolu bağlantıları, enerji infrastrukturu və logistika imkanları Bakının Türk dövlətləri arasındakı iqtisadi bağlantısallıq baxımından əhəmiyyətini artırır. Buna görə də Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolunu yalnız siyasi əlaqələr çərçivəsində qiymətləndirmək kifayət deyil. Ölkənin nəqliyyat, enerji, ticarət və geosiyasi imkanları da bu mövqeyi gücləndirir”.
Mütəxəssisin sözlərinə görə, Prezident İlham Əliyevin “dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyi” istiqamətindəki qiymətləndirməsi isə açıqlamanın ən diqqətçəkən siyasi mesajlarından biridir: “Burada söhbət yalnız sammitlərin sayının artırılmasından getmir. Əsas ehtiyac Türk dövlətləri arasında davamlı və institusional siyasi məsləhətləşmə mexanizminin gücləndirilməsidir. Beynəlxalq sistemin sürətlə dəyişdiyi, regional proseslərin qısa müddətdə müxtəlif coğrafiyalara təsir göstərə bildiyi bir dövrdə liderlərin müntəzəm təmasda olması ortaq məsələlərin vaxtında qiymətləndirilməsi və zərurət yarandıqda ortaq mövqelərin operativ şəkildə əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü də bu yanaşmanın konkret nümunələrindən biri oldu. Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, daha çevik məsləhətləşmə formatlarının inkişaf etdirilməsi təşkilatın siyasi dinamizmini gücləndirə bilər. Sentyabrın 17-də keçirilən görüşün təhlükəsizlik aspekti də bu siyasi yanaşmanın tamamlayıcı elementini təşkil edir. Prezident İlham Əliyev təhlükəsizlik qurumları arasında məlumat mübadiləsinin, operativ informasiya mübadiləsinin, birgə fəaliyyətlərin və təhdidlərin qarşısının alınmasına yönəlmiş koordinasiyanın gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibertəhdidlər, hibrid təhdidlər və kritik infrastrukturun qorunması kimi məsələlər Türk dövlətləri arasında ortaq koordinasiya tələb edən təhlükəsizlik istiqamətləri kimi önə çıxır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik qurumları arasında müntəzəm təmasların inkişaf etdirilməsi siyasi və iqtisadi əməkdaşlığın təhlükəsizlik ölçüsü ilə dəstəklənməsi baxımından əhəmiyyətlidir”.
O həmçinin söyləyib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisinin artırılması üçün iqtisadi və texnoloji imkanların da ortaq çərçivədə inkişaf etdirilməsi zəruridir: “Orta Dəhliz, enerji bağlantıları, rəqəmsal infrastruktur, ticarətin asanlaşdırılması, investisiya mexanizmləri, nəqliyyat şəbəkələri və müdafiə sənayesi sahəsində əməkdaşlıq Türk dövlətləri arasındakı əlaqələri konkret imkanlara çevirə biləcək əsas istiqamətlər sırasındadır. Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi yalnız nə qədər tez-tez toplaşmasından deyil, malik olduğu iqtisadi, geosiyasi, texnoloji və təhlükəsizlik imkanlarından nə dərəcədə koordinasiyalı şəkildə istifadə edə bilməsindən də asılı olacaq. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarını Türk Dövlətləri Təşkilatının daha səmərəli və daha institusional bir struktura keçirilməsinə yönəlmiş siyasi baxışın aktual ifadəsi kimi qiymətləndirmək mümkündür. Burada məqsəd yalnız daha çox Zirvə görüşünün keçirilməsi və ya təşkilatın beynəlxalq görünürlüğünün artırılması deyil. Əsas məqsəd Türk dövlətlərinin malik olduğu ortaq potensialı müntəzəm siyasi məsləhətləşmə, iqtisadi bağlantısallıq, təhlükəsizlik koordinasiyası və texnoloji əməkdaşlıq vasitəsilə ortaq imkanlara çevirməkdir. Bu imkanlar nə qədər səmərəli şəkildə əlaqələndirilərsə, Türk dünyasının beynəlxalq sistem daxilində siyasi və iqtisadi çəkisi də bir o qədər güclənəcək”.
Röya İsrafilova