Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır Dünya

Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır

Birləşmiş Ştatlar və Çin son dərəcə uğurlu danışıqlar aparıb, görüşdə ticarət və süni intellekt (Sİ) məsələləri müzakirə olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.

"Biz Pekində başladığımız yerdən - Ticarət Şurasını təsis etdiyimiz və Sİ-ni müzakirə etməyə başladığımız nöqtədən davam edərək çinlilərlə ticarət və Sİ məsələləri üzrə çox uğurlu danışıqlar apardıq. Bu axşam həmin mövzular praktiki müstəviyə keçdi", - deyə o, Nyu-Yorkda Çin nümayəndələri ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.

Bessent əlavə edib ki, tərəflər Sİ sahəsində qarşılıqlı fəaliyyət üzrə "mexanizmin yaradılmasını" müzakirə ediblər. "Bu, "ABŞ və Çinin Sİ Dialoqu" adlanacaq. Birləşmiş Ştatlar iki ölkə arasında bildirişlər mexanizmini təklif edib, biz həmçinin məqsədlər və təhdidlər barədə ortaq baxış formalaşdırmaq istəyirik", - deyə nazir bəyan edib. Nazir bildirişlərin milli təhlükəsizlik səviyyəsində Sİ ilə bağlı olası insidentlərə və təhdidlərə aid olacağını izah edib.

Məryəm Quliyeva