Televiziyalarda nitq mədəniyyəti Hadisə

Televiziyalarda nitq mədəniyyəti

Arzu Şirinova

Səhərlər əksəriyyət vaxt televiziya kanallarında
səhər proqramlarını izləyirəm. Və demək olar ki, hər gün də eyni problemləri görürəm. Söhbət nitq mədəniyyətimizdən və səlist danışıq tərzimizdən gedir. Diqqət yetirmisinizsə, elə qardaş Türkiyədə televiziya kanallarında bu mədəniyyət yüksək səviyyədədir. Tək söhbət televiziya aparıcılarının danışıq tərzindən getmir. Eyni zamanda, hər hansı verilişə dəvət olunan şəxslərin nitqinin rəvan və səlist olması şərtdir. Bunlar isə bizdə hələ ki, qorunmur.
Hitq mədəniyyətimizin lazımı səviyyədə formalaşmaması məsələsindən dəfələrlə yazılıb, bu istiqamətdə müəyyən addımlar atılmasının vacibliyi qeyd olunub. Təəsüf ki, nitq mədəniyyətilə bağlı vəziyyət hələ də acınacaqlı olaraq qalır. Ölkə əhalisinin böyük əksəriyyətində nitq mədəniyyəti lazımi şəkildə formalaşmayıb. Ekran və efir mədəniyyətinin bir qolu da nitq mədəniyyətidir. Bu səbəbdən sözügedən problem xüsusən televiziyalarda özünü açıq şəkildə göstərir. Həm aparıcıların, həm də verilişlərə dəvət edilən qonaqların sözləri bir-birinin ardınca deyə bilməməsini çoxlarınız müşahidə edirsiniz.
Bunun da ən başlıca səbəblərindən biri aparıcılarımızın danışığında səhvlərin həddindən artıq çox olmasıdır. Müasir aparıcıların demək olar ki, hamısında ləhcə hiss olunur. Buna görə də, ədəbi dilin qorunması üçün müəyyən normalar, kriteriyalar müəyyənləşdirilməlisi vacibdir. Məncə diktor və aparıcıların dilindəki bu və ya digər qüsurlara nəzarət etmək üçün hər bir televiziyada bədii rəhbər olmalıdır.
Ölkədə nitq mədəniyyətinin istənilən səviyyədə formalaşmamasının digər səbəbi də insanların və xüsusilə də gənclərin kitab oxumaması ilə bağlıdır.
Hər bir insan öz fikir və mülahizələrini doğma ana dilində ifadə etmək qabiliyyətinə yiyələnməlidir. Hitqin mədəni olması, nitq normalarına əməl etmək, məntiqli və rabitəli danışmaq, digər saymadığım neçə-neçə tələb dilin zənginliyini üzə çıxarır, onu sevdirir və praktik olaraq yaşadır. Bəzən belə fikirləşənlər də olur ki, nitq mədəniyyəti dilçilər, ədəbiyyatçılar, müəllmilər üçün daha vacibdir. Bu, məsələyə yarımçıq münasibətdir. Hər bir insan nitq mədəniyyətinə yiyələnməlidir. Ona görə də orta məktəbdən nitq mədəniyyətinə diqqət yetirilməlidir. O ki qaldı televiziyada səslənən dil mədəniyyətinə, bu, ədəbi tələffüz normalarına əməl olunmaqla işlədilən dildir. Televiziya və radioda sözün təsir qüvvəsi, estetik vəzifəsi bütün təbliğat vasitələrdəkindən seçilir. Burada yüksək estetik ölçü, ağla, qəlbə son dərəcə həssaslıqla nüfuzetmə məsələsi çox vacibdir. Televiziyanın informasiya vermək imkanlarını, şüurlara təsiretmə vəzifəsini nəzərə alsaq, bədii sözün buradakı mövqeyi göz qabağında olar. Təsadüfi deyil ki, Azərbaycan televiziyasında verilişlərin məzmunlu, səlis bir dildə, üslubda xalqa çatdırılmasında sözə hörmət hissinin saxlanması da mühüm amil sayılır. Televiziya milyonların tribunasıdır. Şifahi ünsiyyətimizin ən fəal, ədəbi forması televiziyadır. Ancaq təəssüf ki, son illərdə ölkə telekanallarında nitq mədəniyyətilə bağlı ciddi problemlər mövcuddur. Aparıcıların danışığında intonasiya yoxdur. Danışanda tələsirlər, tamaşaçını, dinləyicini nəzərə almırlar. Daha çox alınma sözlərdən istifadə edirlər. Eyni zamanda bəziləri terminlərdən daha çox istifadə etməklə savadlı və ağıllı olduqlarını göstərməyə çalışırlar. Ancaq terminlərdən daha çox istifadə hələ savadlı olmaq demək deyil. Hitq mədəniyyətilə bağlı vəziyyət radiolarda daha acınacaqlıdır. Şəxsən mən radioya qulaq asa bilmirəm. Şou proqramlarda, musiqi verilişlərində də eyni vəziyyəti müşahidə edirik. Məhşur fransız yazıçısı Viktor Hüqonun bir sözü var, deyir: "Dil billur şüşəyə bənzəyir, onun parlaqlığı təmizliyindən asılıdır". Biz ilk növdəbə dilin təmizliyini qoruyub saxlamalı, sonra isə nitq mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atmalıyıq.