KİVDF Novruz bayramı ilə bağlı tədbir keçirib Hadisə

KİVDF Novruz bayramı ilə bağlı tədbir keçirib

Martın 17-də "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi"nin nəticələri ilə bağlı "Altun Saray" restoranında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Bayram tədbirində elan olunmuş müsabiqənin qalibləri, ayrı-ayrı KİV rəhbərləri, mətbuat xidmətinin təmsilçiləri və eyni zamanda xairici ölkələri Azərbaycandakı diplomatik korpsunun nümayəndələri iştirak ediblər.
Çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu direktoru Vüqar Səfərli qeyd edib ki, 2014-cü il üçün Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə ümumilikdə 96 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 10 müsabiqə iştirakçısına həvəsləndirici mükafata layiq görülüb".
"Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır". Bunu tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov vurğulayıb ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib".
Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.