Musiqili Teatrda “Silva” tamaşasının premyerası Mədəniyyət

Musiqili Teatrda “Silva” tamaşasının premyerası

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, İmre Kalmanın məşhur ikihissəli "Silva" operettası tamaşaçılara təqdim olunub. Premyerada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.
Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini başqası ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...
Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayevdir.
Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa ediblər.