Litva Milli Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib Mədəniyyət

Litva Milli Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas ilə görüşüb. Görüşdə Həsən Məmmədzadə Azərbaycan və Litva arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb. O, kitabxanaya Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ictimai həyatına aid, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 50-dən çox Azərbaycan, Litva, ingilis və rus dillərində kitab hədiyyə edib.
Milli kitabxananın baş direktoru Renaldas Gudauskas kitablara görə minnətdarlığını bildirərək, hazırda kitabxananın fondunda yeddi milyondan artıq kitabın olduğunu qeyd edib və kitabxananın tarixi, son zamanlar onun inkişafı istiqamətində görülmüş işlər haqqında məlumat verib. Görüş zamanı səfir Həsən Məmmədzadə kitabxanada Azərbaycan bölməsinin və ya guşəsinin yaradılması imkanı ilə maraqlanıb və bu bölmənin səfirlik tərəfindən mütəmadi olaraq yeni kitablarla təchiz ediləcəyini diqqətə çatdırıb. Baş direktor onlarda belə bir təcrübənin olmadığını, ancaq məsələyə baxmağa hazır olduqlarını bildirib. Sonda Litva Milli Kitabxanasının baş direktoru səfiri kitabxanada sərgilənən nadir kitablarla və oxu zalları ilə tanış edib.