“Yalançı qəhrəmanlardan yorulmuşam” Mədəniyyət

“Yalançı qəhrəmanlardan yorulmuşam”

"Brilliant xanım bir musiqiçi kimi fikrini bildirib. Kim bu ixtiyarı onun əlindən alır. İnanıram ki, o, bu addımı həssaslığına söykənərək edib. Axı niyə insanları həqiqəti deməyə qorxudurlar?"
Bu sözləri xalq artisti Flora Kərimova dünən erməni qarmonçu Varujan Şahbazyanın ifasını bəyəndiyi üçün kəskin şəkildə tənqid edilən həmkarı Brilliant Dadaşova barəsində deyib.
Xalq artisti Brilliant Dadaşovanın vətənini çox sevdiyini və Azərbaycan üçün musiqi sahəsində böyük işlərə imza atdığını xüsusi olaraq vurğulayıb:
"Brilliant Dadaşova dünənin müğənnisi deyil. O, Azərbaycan musiqi sahəsində böyük işlər görüb. Onun vətən haqqında çoxlu sayda bir-birindən gözəl ifaları var. Brilliant oğlunu gizlətməyib, lazım olanda onu cəbhəyə də göndərməyə hazırdır. Brilliantı tənqid etməklə onun sənətə olan eşqini küsdürürük, qəlbini sındırırıq, həqiqətdən yayındırırıq. Əgər həmin erməni qarmonçu və ya hər hansı musiqiçi mənim millətimin əleyhinə bir söz desəydi, onda bu cür reaksiyanı anlamaq olardı".
Flora Kərimova hesab edir ki, düşmənin cavabı cəbhə bölgəsində verilməlidir:
"Balam Zəhra ilə onun ağbirçək nənəsi ermənilər tərəfindən günahsız yerə öldürüldü. Ordumuz da buna öz cavabını verdi. Biz ermələri döyüş və siyasət meydanında susdurmalıyıq. Dil pəhləvanlarına çevrilən yalançı qəhrəmanlardan yorulmuşam".
Flora Kərimovanın sözlərinə görə, hər bir sənətçinin bəyəndiyi musiqi haqqında rəy bildirməyə haqqı var: "Düşmənlərimizi, Sarkisyanı, Azərbaycan balalarını öldürənləri, haqqımızı tapdalayanları əlbəttə ki, hamımız pisləməliyik. Ancaq mənə maraqlıdır ki, müharibə olarsa, sosial şəbəkələrdə dil pəhləvanlarına çevrilənlər Azərbaycan uğrunda döyüşə gedəcəkmi? Axı niyə insanlara qorxu hissini aşılayırlar? Bu gün həqiqəti deməyə qorxan adam sabah erməninin qarşısına necə çıxa bilər? Sabah mən də kiminsə haqqında həqiqəti deməyə qorxmalıyam? Məsələn, Azərbaycanı sevən, "Bakı mənim vətənimdir", deyən, bizi hər yerdə tərifləyən erməni ifaçısı Boka həyatını təhlükəyə ataraq bizim restoranda oxumuşdu. Onu buna görə ölkəsində çox qınamışdılar. Bokanın öz həmvətənlərilə Azərbaycana görə dava etməsinin şahidi olmuşam. Biz isə insanlığımızı itirməməliyik".
Qeyd edək ki, müğənninin yaxın dostları olan Xalq artistləri Zülfiyyə Xanbabayeva və bəstəkar Eldar Mansurov məsələdən xəbəri olmadıqlarını bəhanə gətirərək açıqlama verməkdən imtina etdi.