“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit Mədəniyyət

“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit

1-ci yazı

Dünya xalqlarının epik ənənələri tarixində "Qeser" qədimliyinə görə ilk sıralarda, həcminə, genişliyinə, çoxsaylı mətnlərinə görə isə birinci yerdə durur. Son məlumatlara görə "Qeser"in məlum fərqli mətnlərinin cəmi 120 cild kitab təşkil edir və yeni dastanların tapılması ehtimalı da çox yüksəkdir. Ural-Altay xalqlarından monqollar və buryatların, eləcə də türklərin (xakasların, tuvaların, altayların, salarların və s.), tibetlərin ortaq qəhrəmanlıq dastanının nəhəngliyinə, möhtəşəmliyinə uyğun olaraq ona dünya folklorşünaslığında maraq göstərilib; bu ənənə müasir dövrdə də davam edir. Onlarla tanınmış və yeni nəsil ədəbiyyat tarixçiləri, folklorşünaslar dastan haqda sanballı elmi əsərlər, tədqiqatlar ərsəyə gətiriblər. Bəllidir ki, dünya ədəbiyyatında "Qeser"ə belə geniş marağın yaranması təsadüfi deyil. İlk növbədə bu cür köklü marağın oyanması, ümumiyyətlə, ural-altay mənşəli xalqların: monqolların, türklərin, fin-macarların qədim massaget-sak, hun dövrlərindən başlayaraq yaratdıqları Şərqi və Qərbi Hun, I, II Göy Türk, Avar, Bulqar, Xəzər xaqanlıqları, Səlcuq, Monqol-Tatar, Qızıl Orda, Moğol, Məmlük, Səfəvi, Osmanlı imperiyaları vasitəsi ilə fasiləsiz olaraq siyasi-hərbi, mədəni cəhətdən bütün dünyanı idarə edib nüfuzlarını yaymalarını öyrənməklə əlaqəlidir. Dünyanın, tarixin dialektik ikili və ziddiyyətli sabit, pozulmaz qanunauyğun inkişafı nəticəsində, bəşəriyyətdə bəlli bir zamanda aparıcı olmuş mədəniyyət öz daxili enerjisini təbii inkişafa, xarici siyasi-hərbi, mədəni təsirlərə görə tükədərək durğunluq dövrünə çatır. Bununla belə cücərtilərlə gələcək dəyişikliyə təkan verərək onda öz izlərini yaşadır.
XVII-XVIII əsrlərdə artıq durğunluq dövrünə çatmış Şərq, türk-islam mədəniyyəti yeni yaranan və sənaye, siyasi-hərbi, elmin dəyişik sahələri üzrə inkişaf cəhətdən gənc, güclü olan, xristian dininin getdikcə zəifləməyə başladığı, müstəmləkəçilik iştahası ilə alovlanan Qərb, Avropa mədəniyyətinin hər növ təsirinə məruz qalmağa başlayır. Burada bütün Şərq dedikdə, türklərin həm etnik-gen cəhətdən ural-altay və irqdaşları Uzaq Şərq xalqlarının, həm də islam-şərq mədəniyyətinin əsas siyasi-hərbi, mədəni daşıyıcıları, aparıcı təkan verən qüvvəsi olması, eyni zamanda XVIII-XIX əsrlərdə artıq müstəmləkə təsirinə düşmək üzrə olan semit-hamit, ural-altay köklü, irqli xalqlar nəzərdə tutulur.
Yeni işğal olunmuş ərazilərin sakinlərinin tamamilə yad mədəniyyətinə, ruh aləmlərinə müstəmləkəçilərin maraqları ilk dövrdə siyasi-hərbi məqsədli olmaqla bərabər, eyni zamanda, ehtiyatlı, "kəşfiyyat" səciyyəli idi. Zaman keçdikcə özlərinə nisbətən daha qədim və təkrarsız, humanist, sülhsevər yerli mədəniyyətlərə münasibət ayrı-ayrı vicdanlı qərblilər tərəfindən tədricən sevgiyə, marağa çevrilir. Bu dövrdə, XVIII-XIX əsrlərdə, bütün Şərqdə geniş arxeoloji qazıntılara, qədim mədəniyyətləri aşkarlayıb öyrənməyə və yerli xalqların şifahi, yazılı ədəbiyyatına, həyatlarının bütün sahələrinə dərin maraq daha da genişlənir. Göy Türk yazılı daş abidələrinin, Şumer, Babil mifologiyasının tapılıb oxunmasına bənzər taleyi "Qeser" dastanı, yerli çoxsaylı xalqların digər şifahi, yazılı ədəbi tarixi abidələri də yaşayır. Bütün bunlar təbəqəli maraq mərhələlərindən – toplanma və araşdırma səviyyəsindən keçir.
XX əsr elmi fikrində xalqların keçmiş tarixini və inkişaf mərhələlərini qiymətləndirmədə iki əks, eyni zamanda əsassız düşüncə hakim idi. Bir tərəfdə fikirləri irqçiliklə yoğrulmuş vulqar şovinistlər, xalqları seçilmiş yüksək səviyyəlilərə və təbiətən zəif inkişaf edənlərə bölənlər dayanırdı. Digər tərəfdə də dialektik materializmin inkişaf qanunlarını əsas tutaraq və bunu yanlış olaraq xalqların maddi-mənəvi tarixlərinə aid edənlər – onların (xalqların) bərabərhüquqlu olmaqla birlikdə mütləq eyni inkişaf mərhələlərindən keçəcəklərinə inananlar dururdu. Lakin dünya tarixinin son dövr inkişafı bunların hər ikisinin də sınaqlardan çıxa bilməyəcəklərini təsdiqlədi.
İkili qütblü maddi, mənəvi varlıqlar aləminin inkişaf qanunlarında şüursuz və şüurlu canlı aləmə, irq, soy, etnik birlik dünyasına aid elə kodlaşmalar var ki, heç bir güc, din, ideologiya bunların əsasını qopara bilmir, pozmağa da qadir deyil. Necə ki, canlı, şüurlu insanın ruhu və maddi-fiziki varlığı onu ayrılmaz bir bütöv şəklində təşkil edir, daimi qarşılıqlı tarazlıqdadır, bunlardan birinin pozulması mütləq digərinin də dağılmasına gətirir, makro həcmdə xalqların maddi-mənəvi ehtiyatları, yaşanılmış keçmiş tarixləri də onların var olmasının əsasını təşkil eləyir, qoruyub saxlayır. Buna görə də, belə düşünülsə ki, xalqların artıq gen kodlarına çevrilmiş dünyabaxışları, inancları, örf-adətləri, törələri, yaşayış tərzləri, ana dilləri bunlar üçün "dünyəvi dinlərdən" də dəyərlidir, yanlışlıq olmazdı. Hansı xalq sıralanan bu milli ölçüləri tarixin dolaşıq labirintlərindən itirmədən olduğu kimi gətirib müasir dövrünə çatdırıb və öz gələcəyinə ümidlə baxa bilirsə, o, əbədilik kimliyi almağa haqq qazanıb. Ural-altaylar və bunların irqdaşları da maddi-mənəvi-tarixi inkişaflarında bu cür özünütəsdiqləmə mərhələlərindən keçiblər. Qədimdən hakim olmuş etnik-gen dəyrələri milli varlığı şərtləndirən səbəblərin nüvəsini təşkil edərək, daşıyıcılarını bütün dünyaya təsir edəcək siyasi-mədəni inkişafa gətirib çatdırıb.
Məlumdur ki, son yüzillikləri əhatə edən Avropa siyasi-mədəni həyatında qeyri-irqli xalqların maddi-mənəvi dəyərlərinə münasibət o qədər də müsbət xüsusiyyətli deyildi. Bu gün, müasir zamanda həmin baxış ənənəsi zahirən zəifləmiş görünsə də, mahiyyətdə özünü yenə də göstərir. Bu cəhətdən XIX əsrdə, "Qeser" mətnlərini toplayıb tədqiq etmədə Sorbon universitetinin professoru R.A.Steynin, ingilis səyyahı R.Şounun, alman şərqşünası Qryünvedelin fikirləri elmi əsassızlığı və irqçiliyi ilə seçilir. Bunlara görə ural-altay xalqları, tibetlilər özlərinin milli ədəbiyyatlarını yarada bilməzdilər, ancaq başqalarının mədəniyyətlərini özününkiləşdirə bilərdilər.
A.N.Veselovski də epik düşüncənin rüşeymləşməsinin başlanğıcını mifoloji şüur dövrü ilə əlaqələndirməklə yanaşı, həmin qədim ənənələri qoruyub saxlayan xalqları ictimai-mədəni həyatlarında "donmuş" səviyyədə qalanlar kimi qəbul edir. Ural-altay mənşəli finlərin, estonların, "Kalevala" dastanına həmin ölçüdən yanaşmaqla o da Steynin, Şounun, Qryünvedelin səhv fikirlərini təkrarlayır. Buradan da XIX-XX əsrdə qərb elmində "avropa mərkəziyyətçiliyi" düşüncəsinin hakim olması bir daha təsdiqlənir. A.N.Veselovskinin ikinci mübahisəli yanaşması epik ənənəyə malik xalqları tarixi olan və tarixi olmayanlara bölməsindədir. Üçüncü yanlışlığa isə tarixi olan xalqların epik yaradıcılığını ümumiləşdirib müəyyənləşdirdiyi zaman ispanlar nümunəsində yol verir. İspan epik ənənəsini (həm də bütün avropa) iki müstəqil hissəyə, sadə xalq və hakim feodal təbəqəyə aid yaradıcılıq sahələrinə bölməklə bunlar arasında əlaqənin çox zəif olmasını vurğulayır. Əgər ispanlarda sadə xalq yaradıcılığı qədim əlamətləri olduğu kimi qoruyubsa, bu tipoloji olaraq bütün dünya xalqlarının eyni epik yaradıcılıq mərhələlərindən keçməsini əsaslandırır. Hakim varlı feodal təbəqənin özünə ayrı epik əsərlər yaratması bir tərəfdən avropalı xalqların türklərdən, monqollardan 4-5 əsr sonra xalq halına (orta əsrlərdə, XIV-XV) düşməsini təsdiqləyir. Digər tərəfdən də onların həm də öz xalq yaradıcılıqlarına vulqar-şovinist yanaşmalarını əsaslandırır.
Halbuki türk-monqol dastanlarında xalqın və qəhrəmanın, xanların həyatı ayrı-ayrı səhnələrlə verilsə də, bir bütöv halında yaradılır. A.N.Veselovski belə səviyyəni iki fərqli epik yaradıcılıq sahəsi kimi qəbul edir. P.Rayn A.N.Veselovskini təkrarlayaraq fransız epos yaradıcılığının Böyük Karlla əlaqəli (X-XIII əsr ərzində) yarandığını müdafiə edir. Tanınmış monqol folklorşünas alim S.Damdinsuren bunları haqsız fikirlərinə görə qətiyyətlə təkzib və tənqid etmişdir. Göründüyü kimi, avropalı tədqiqatçılar ural-altay xalqlarının maddi-ruh dünyasının inkişafının dərinliklərinə enə bilməyib, qabarıq da olsa, onlardakı təkrarsızlığın incəliklərini müəyyənləşdirməyə elmi-nəzəri cəhətdəın hazırlıqsız olublar. Yenə də həmin dövrdə, Qərb elmi mühitində, dolayı yolla da olsa, ural-altay xalqlarının dünya tarixindəki danılmaz və müqayisəolunmaz siyasi-hərbi üstünlüklərini diqqət mərkəzində tutmaqla, eyni zamanda belə bir ciddi daxili nizama, tarazlığa çatmış cəmiyyətin həm də bərabər səviyyədə yüksək mədəniyyət yaradacaq gücə sahib ola bilməsinə haqq qazandırılıb. Məntiqi olaraq əks cəhətdən də özünəməxsus, təkrarsız yüksək mədəniyyət yaratmış xalq, etnik-genetik dünya mütləq bunu qoruyacaq siyasi-hərbi, iqtisadi əsasları da yaratmalıydı.
Qədim dəyərləri canlı olaraq qoruyub saxlamaq, hiss olunduğu kimi, bəzi avropalılar tərəfindən inkişafda geri qalma kimi qəbul olunur. Halbuki, qədim yunan, Roma dövründə, m.ö. VII, m.s. IV əsrlər, bütün sahələrdə yüksək dərəcədə inkişaf etmiş avropa mədəniyyəti öz kökündən imtina edib yad ruha, xristian (semit-hamit) mənəviyyatına qulluq etdiyi üçün on üç əsr ərzində qəflətdə qalır. Tarixin də əsaslandırdığı kimi, onlarda XVIII əsrdə xristianlığın zəifləməsi və təkrar qədim etnik-genetik dəyərlərə qayıtmaqla elmdə, cəmiyyətin bütün sahələrində irəliləyiş, yüksək inkişafa zəmin yaranır.
Türklərin, ural-altayların öz genetik tarixi maddi-mənəvi dəyərlərinə sıx bağlılıqları, tarixdə siyasi-mədəni cəhətdən güclü olmaları ilə əlaqəli, bunların keçmişi və gələcəyi düşünməmələri haqda məntiqli fikir də yaranıb: "Türklər tarixi yaradırlar, onlar haqda başqaları tarix yazırlar", Türklər tarix yaratmaqdan, tarix yazmağa zaman tapmayıb. Tarixi yazanlar da, dəfələrlə sübut olunduğu kimi, çox vaxt subyektivliyə vararaq gerçəklikləri təhrif edirlər. Əgər türklər, tarixin də hər dövrdə dəfələrlə təsdiqlədiyi kimi, özlərinin maddi-mənəvi cəhətdən digər irqlərdən, xalqlardan açıq üstünlüklərini irəli çəksəydilər, onda Steyn, Şou, Qryünvedel və bunlar kimi düşünənlər bir suala cavab vermək məcburiyyətində qalardılar: IV əsr Hun dövründən XVIII əsrdə Osmanlı imperiyasının zəifləməsinə qədər on dörd əsr siyasi-mədəni cəhətdən Avropa mədəniyyətinin yarıdan çoxunu yaradanlar haqlıdır, yoxsa bunların təsirinə düşüb canla-başla quluq edən avropalılar?

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru