Novruz bayramı münasibətilə Milli Kitabxanada sərgi Mədəniyyət

Novruz bayramı münasibətilə Milli Kitabxanada sərgi

Martın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli bayramımız Novruz münasibətilə tədbir və "Cəfər Cabbarlı – 120", "İsmayıl Şıxlı – 100", "Mehdi Hüseyn – 110" və "Zeynal Xəlil – 105" adlı geniş kitab sərgilərinin açılışı olub. Bu barədə Milli Kitabxanadan bildirilib.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri süzülüb gələn, qədim bayramlardan ən möhtəşəmi olan, ruh yüksəkliyini, əmək coşğunluğunu özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib. O, sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını xəbər edən böyük el bayramının tarixindən, ənənələrindən, atributlarından danışıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox ciddi səylərinin səmərəli nəticəsi olaraq 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və 2010-cu ildə ilk dəfə BMT səviyyəsində Nyu-Yorkda Novruz bayramı şənlikləri keçirilib.
Daha sonra direktor XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından olan, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan və Azərbaycan Prezidentinin sərəncamları ilə bu il yubileyləri qeyd olunan Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının, eləcə də görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri olan Xalq yazıçısı Mehdi Hüseynin və Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Xəlilin həyat və yaradıcılığından danışıb, onların irsinin təbliğinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gün bu görkəmli şəxsiyyətlərin doğum günləri ərəfəsində onların hər birinin həyat və yaradıcılıqlarına dair kitabları əks etdirən geniş kitab sərgilərinin təşkili, onların xatirəsinin tədbir keçirilməklə yad edilməsi gənc nəsillər üçün böyük örnək ola bilər. Sonda tədbir iştirakçıları görkəmli yazıçıların müxtəlif dillərdə olan əsərlərindən, həyat və yaradıcılıqlarına dair materiallardan ibarət kitab sərgiləri ilə tanış olub.