Azərbaycan milli rəqsləri Özbəkistanda Mədəniyyət

Azərbaycan milli rəqsləri Özbəkistanda

Özbəkistanın Xarəzm vilayətində baş tutan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgənc şəhərindəki Gənclər ittifaqının akt zalında Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib. Tədbirdə Xarəzm vilayətinin mədəniyyət, incəsənət sahəsinin mütəxəssisləri, müəllim və tələbələr, vilayət icra hakimiyyətinin nümayəndələri, gənclər, jurnalistlər iştirak ediblər.
Xarəzm vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev Azərbaycanla münasibətlər, milli rəqslərimiz barədə məlumat verib, Xarəzmin zəngin rəqs ənənələrinin olduğunu qeyd edib. O deyib ki, bu yaxınlarda vilayətdə təşkil olunan “Rəqsin sehri” adlı Beynəlxalq Rəqs Festivalında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Qran-Pri mükafatına layiq görülməsi Azərbaycanın zəngin rəqs sənətindən xəbər verir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) direktorunun müavini Polad Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən, xalqımızın zəngin mənəvi sərvəti olan rəqslərimizin incəliyi və təkrarsızlığından danışıb. Özbəkistandakı AMM-nin nəzdində rəqs dərnəyinin yaradıldığını, bu dərnəkdə uşaqların, yeniyetmələrin milli rəqslərimizin sirlərini öyrəndiyini qeyd edib. O, Azərbaycan milli rəqslərinin xarici ölkələrdə təbliği istiqamətində Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.
AMM-nin nəzdindəki rəqs dərnəyinin və “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva həmahəngliyi, zərifliyi, dəqiqliyi, şuxluğu ilə insanlara böyük mənəvi zövq verən milli rəqslərimiz haqqında danışıb. O, “Uzundərə”, “Nəlbəki”, “Köçəri”, “Yallı” və başqa rəqslərimizin özünəməxsusluğu, onların xalqımızın məişət həyatını, adət-ənənələrini, mənəvi zənginliyini özündə əks etdirdiyini söyləyib.
Sonra “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim edib. Ansamblın ifasında “Azərbaycan süitası”, “Uzundərə”, “Nəlbəki”, “Aman Tello”, “Mirzəyi” milli rəqslərimiz ifa olunub. Qeyd edək ki, bununla əlaqədar mərkəzdə “Milli rəqslərimiz xalqımızın mədəni sərvətidir” adlı fotosərgi də nümayiş olunub. Xatırladaq ki, mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib. Bununla da Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri başa çatıb.