Tokioda beynəlxalq festivalda Azərbaycan da təmsil olunub Mədəniyyət

Tokioda beynəlxalq festivalda Azərbaycan da təmsil olunub

Tokionun mərkəzində yerləşən Mequro şəhərinin Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MIFA) bu şəhər ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub. Mequro şəhərinin “Persimon Hall” mərkəzində təşkil edilən festivalda əvvəlcə MIFA-nın fəaliyyəti barədə slaydlar nümayiş olunub.
Sonra təşkilatın baş direktoru Tadaşi Kuriyama və Mequro şəhərinin meri Eici Aoki çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, MIFA bu şəhər ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin formalaşmasında, onların yapon mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır. Qeyd edilib ki, bu gün təşkil edilən 15-ci festival həm də müxtəlif xalqların adət-ənənələri, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaradır.
Mequro şəhərində yerləşən Azərbaycan, Toqo, Keniya, Sudan, Mavritaniya, Misir, Polşa, Latviya, Özbəkistan, Qırğızıstan və Nepal səfirlikləri tərəfindən təşkil edilən stendlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində müxtəlif nəşrlər, “İRS-İsan” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu fotolar, paxlavalar tədbir iştirakçılarına təqdim edilib. Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan stendi ilə tanış olan Mequro şəhərinin meri Eici Aokiyə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov ətraflı məlumat verib. Bildirib ki, stenddə ölkəmizin qədim və zəngin mədəniyyəti barədə eksponatlar toplanıb. UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumatlar burada öz əksini tapıb. Azərbaycanın həm tarixi, həm də müasirliyi özündə əks etdirən bir məkan olduğunu qeyd edən diplomatımız qədim İpək Yolunun tərkib hissələri olan Azərbaycan ilə Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini vurğulayıb. Azərbaycan ilə Yaponiya arasında bu gün də ümumi, qarşılıqlı maraqlara və hörmətə əsaslanan dostluq münasibətlərinin qürur doğurduğunu qeyd edib.
Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan mer E.Aoki paxlavanın çox dadlı olduğunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan səfirliyi şəhər ərazisində yerləşən ən fəal diplomatik nümayəndəliklərdən biridir və Azərbaycan icmasının üzvləri Mequro şəhərinin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edirlər. Qarşıdan “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının gəldiyini xatırladan mer əmin olduğunu bildirib ki, azərbaycanlı idmançılarla yanaşı, ölkəmizdən gələcək çoxsaylı turistlər iki qədim xalq arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfələr verəcəklər.