Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı Mədəniyyət

Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı

Ölkə ərazisində aparılan rəy sorğusu zamanı respondentlər birmənalı olaraq uşaqların maarifləndirilməsi üçün müasir aranjemanda olan uşaq mahnılarını əldə edə biləcək resurslara çıxışlarının olmadığını qeyd etmişdilər. Bu məqsədlə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi onlayn aksiyaya start verib. Aksiyanın məqsədi uşaqların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsi naminə valideynlərin yeni aranjemanda olan uşaq mahnılarına əlçatanlığının təmin olunmasına, ictimaiyyətin uşaq mahnılarına diqqətinin cəlb olunmasına xidmət edir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya iyunun 30-dək davam edəcək. Aksiya boyunca birliyin sosial şəbəkə hesablarında (@uydib ) hər gün bir uşaq mahnısı yerləşdiriləcək. Aksiya nəticəsində azyaşlı uşaqların valideynləri, uşaq bağçalarının əməkdaşları, ibtidai sinif müəllimləri və musiqi müəllimləri yenidən nəfəs verilmiş retro mahnılar ilə bərabər, həmçinin yeni uşaq mahnılarına, bəzi mahnıların karaoke versiyalarına da çıxış əldə etmiş olacaqlar. “Can Bala” , “Noğullar”, “Gülən Notlar”, “Dostlar” qrupu və digər uşaqların ifasında Fikrət Əmirov, Oktay Zülfüqarov, Məryəm Əlibəyli kimi bəstəkarların uşaqlar üçün yazdığı bəstələr yer alacaq.
Uşaq mahnılarının uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün təkanverici qüvvə olması danılmaz faktdır. Uşaq mahnıları uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir və onlara ülvi hisslər yaşadır. İfa olunan və səhnələşdirilən mahnılar uşaqları doğmalaşdırır, sosiallaşdırır, onlara həmrəylik, əməkdaşlıq kimi müsbət hissləri və faydalı sosial-psixoloji vərdişləri aşılayır.